“Financial Times”ın iddiasına görə Ukrayna Qərblə Rusiyaya ərazi güzəştləri barədə danışmağa başlayıb. Nəşrin məlumatına əsasən sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasına qatılan avropalı diplomatlar nizamlanmanın mümkünlüyü ətrafında “müzakirələrin tonunda və məzmununda nəzərəçarpacaq dəyişiklikləri” qeyd ediblər.
Bu realdırmı? Ümumiyyətlə, hansı halda Ukrayna ərazilərini güzəştə gedə bilər?
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, Rusiya-Ukrayna müharibəsinin ilk günündən etibarən tərəflər arasında danışıqlar prosesinin başlayacağı ilə bağlı dəfələrlə fikirlər səsləndirilib:
“Türkiyə bu proseslə bağlı bir neçə addım atmış, müəyyən görüşlər də keçirmişdi. Lakin kənar qüvvələrin prosesə müdaxiləsi səbəbindən bu, reallaşmadı. Ukrayna tərəfindən qərar verən Qərb ölkələridir. Onların iradəsi olmadan Kiyev masaya otura bilməz. Rusiyanın da mövqeyində dəyişiklik yoxdur. Kreml ələ keçirdiyi ərazilərdən çıxmaq istəmir.
Xəyal Bəşirov
İndiki mərhələdə tərəflərin masaya oturması Ukraynanın güzəştə getməsi deməkdir. Əgər bu hal baş verərsə, deməli, Qərb ölkələri Rusiyaya güzəştə getməyə hazırdır. Bu da Yaxın Şərqdəki proseslərlə bağlı ola bilər”.
Politoloqun sözlərinə görə, Yaxın Şərqdəki proseslər səbəbindən Qərb ölkələri səfərbər olmağa çalışır:
“İndiki şərtlər Rusiyanın maraqlarına uyğundur. Çünki danışıqlar masasına oturarlarsa, bu, Kremlin üstünlüyü hesab ediləcək. Zaman-zaman Ukraynanın parçalanması məsələsi də gündəmə gəlir. Həqiqətən də danışıqlar baş tutarsa, deməli, Ukrayna parçalanacaq, ərazilərinin bir hissəsi müəyyən zaman ərzində rəsmi Moskvanın nəzarətinə keçəcək”.
Safura Bənnayeva
Globalinfo.az