“Ukrayna ilə münasibətlər yalnız bu halda düzələ bilər” – Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna ilə münasibətlərin pisləşməsində Kiyevi günahkar bilib.

Globalinfo.az “Qafqazinfo” xəbər verir ki, bu barədə “Magyar Nemzet” qəzetinə açıqlama verən Baş nazir Orban Zakarpatyada yaşayan macar milli azlığının hüquqlarını əlindən alan Kiyevin Ukrayna ilə münasibətlərin pisləşməsinə görə məsuliyyət daşıdığını bildirib.

Orban deyib ki, “Mən bu məsələ ilə bağlı bir neçə dəfə düşünmüşəm və qəti fikrim var ki, Macarıstan münasibətlərin pisləşməsinə görə məsuliyyət daşımır. Münasibətlərin pisləşdiyi dövr 2015-ci il hesab oluna bilər, o zaman ukraynalılar macarlardan milli icma kimi macar azlığının müdafiəsinə zəmanət verən qanunu aldılar”.

Macarların min ildən artıqdır Zakarpatyada yaşadıqlarını, Ukrayna hakimiyyətinin son illərdə uşaqları öz dillərində böyütmək hüququnu əlindən aldığını və macar dilinin mümkün istifadə sahələrini daraltdığını xatırladan Orban sözlərini davam etdirib.

“Ukrayna bunu düzəltməli, ləğv edilmiş qanunu bərpa etməli, alınan hüquqlar geri qaytarılmalıdır. Bunlar yerinə yetirilərsə, münasibətlər yaxşılaşa bilər”.

Xatırladaq ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto daha əvvəl, Kiyevin Zakarpat macarlarına qarşı ayrıseçkilik yaradan qanunları ləğv etməsə, Macarıstan Ukraynanın Aİ-ə qəbulu ilə bağlı danışıqların başlanmasını təsdiq etməyəcəyini demişdi.