
Almaniyanın “Bild” nəşrinin Ukraynaya ABŞ-ın dəstəyinin dayandırlacağı ilə bağlı yaydığı xəbər diqqət çəkib. Nəşrin məlumatına görə, Ukrayna rəsmiləri ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü sülh planından narazıdırlar. Kiyevdə bu planın ilkin mərhələdə sadəcə danışıqlar üçün taktika olacağına ümid edilsə də, Trampın Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərməməsi və yeni sanksiyalar tətbiq etməməsi məyusluq yaradıb.
Bu nədən xəbər verir?
Globalinfo.az-a danışan politoloq Rizvan Hüseynov deyib ki, Ukraynanı parçalayaraq zəiflədən həm Avropa, həm də ABŞ-dır:
“Sadəcə olaraq, bu məsələdə ABŞ-ın xüsusilə də Tramp hakimiyyətinin mövqeyi fərqli idi və Avropanın yanaşmalarına nisbətən daha ehtiyatlı siyasət yürüdülürdü. Tramp öz siyasətində təzyiq vasitələrindən istifadə edərək Rusiyadan nə istəyirdisə, onu da əldə etdi.
Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək, iqtisadi layihələrə müdaxilə etmək, təbii sərvətlərə nəzarət və Rusiya qazının Avropaya nəqli ilə bağlı strategiyalar həyata keçirilirdi. Tramp bu sahədə üstünlük əldə etdi və Rusiya da müəyyən məqamlarda bu plana uyğun hərəkət etməyə razı oldu. Beləliklə, Tramp Rusiyadan istədiklərini aldı və hazırda bu siyasətin nəticəsini Ukrayna üzərində görürük.

Rizvan Hüseynov
Məsələ yalnız Ukrayna ilə məhdudlaşmır. Ukraynanın arxasında bir sıra Avropa ölkələri dayanır. Başda İngiltərə, Almaniya və müəyyən dərəcədə Türkiyənin də bu prosesdə rolu var. Hər nə baş verirsə, bütün yük və günah Ukraynanın üzərinə yüklənir. Biz Ukraynanın parçalanması və bölünməsi prosesini izləyirik.
Bu məsələdə İngiltərə, Fransa və Almaniyanın da günahı var. Rusiya isə sözsüz ki, işğalçı mövqedədir. Halbuki, 2022-ci ildə müharibə yeni başlayanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən sülh təşəbbüsü irəli sürülmüşdü. Əgər həmin vaxt atəşkəs imzalansaydı, bu, Ukrayna üçün çox əlverişli bir vəziyyət olardı. Ukraynanın müəyyən üstünlükləri var idi və bu üstünlüklər əsasında faydalı bir siyasət qurmaq mümkün oldu”.
Politoloq Samir Hümbətov isə məsələyə belə münasibət bildirib:
“Artıq üç aydan çoxdur ki, xüsusilə də Tramp hakimiyyətə gəldiyi dövrdən etibarən ABŞ-ın Ukraynaya yardımı dayandırılıb. Bu barədə müxtəlif məlumatlar yayılır və görünür ki, yardımın dayandırılması yalnız ABŞ-dan yox, Fransa və İngiltərə tərəfindən də müşahidə olunur. Görünür, bu prosesin arxasında daha böyük bir plan və əlaqə var.

Samir Hümbətov
Məsələn, Trampın Krım mövzusundakı əvvəlki mövqeləri də bunu təsdiqləyir. Burada belə bir ehtimal ortaya çıxır: əgər Rusiya ilə Ukrayna arasındakı müharibə danışıqlar yolu ilə həll edilə bilsə, bu Rusiya üçün uyğun şərtlərlə nəticələnsə, o zaman yardımların qarşılığında müəyyən təbii resurslarla, yəni yeraltı sərvətlərlə balanslaşdırılmış razılaşmalar əldə edilə bilər.
ABŞ şirkətlərinin Rusiya bazarlarına daxil olması, o bazarlarda aktiv fəaliyyət göstərməsi, eyni zamanda Rusiyanın daxili resurslarına çıxış əldə etməsi Trampın iqtisadi baxımdan üstünlük yaratmaq istəyi ilə izah edilə bilər. Tramp bu imkanları genişləndirmək və ABŞ-ın iqtisadi maraqlarını Rusiya bazarlarında yerləşdirmək istəyir.
Bütün bunlar onu göstərir ki, Tramp Ukraynaya əvvəlki kimi dəstək vermək əvəzinə, daha çox neytrallaşdırıcı addımlar atır və Ukraynanın bəzi ərazi məsələlərini arxa plana keçirir. Bu isə həm Ukraynanın, həm də Rusiyanın maraqlarını müəyyən mənada balanslaşdırmağa yönəlik siyasətin tərkib hissəsidir.
Yəni əslində gedən proses onu göstərir ki, Tramp bir tərəfdən Ukraynanı arxa plana çəkir, digər tərəfdən isə Rusiya ilə iqtisadi və siyasi əlaqələri gücləndirməyə çalışır”.
Safura Bənnayeva
Globalinfo.az