Ukraynada E10 yanacaq standartının tətbiqindən sonra ölkədə benzin qıtlığı müşahidə olunur və yanacağın qiymətlərinin yaxın dövrdə daha da artacağı gözlənilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın A-95 konsaltinq şirkətinin direktoru Sergey Kuyun açıqlama verib. Onun sözlərinə görə, ölkədə bir çox yanacaqdoldurma məntəqələrində A-95 markalı benzinin tükənməsi artıq ciddi problemə çevrilib.
Ekspert bildirib ki, iyulun 1-dən qüvvəyə minən E10 standartı (90% benzin və 10% susuz etanol qarışığı) mövcud vəziyyətə təsir edən əsas amillərdən biridir. O qeyd edib ki, təhlükəsizlik vəziyyəti və vergi sistemi səbəbindən Ukraynada E10 yanacağının yerli istehsalını artırmaq mümkün deyil.
Kuyunun sözlərinə görə, xarici təchizatçılar da qısa müddətdə E10 istehsalını artırmaq imkanına malik olmadığından bazarda təklif məhdud qalır. Bu isə yanacaq qıtlığını dərinləşdirir və qiymətlərin artımını sürətləndirir.
Tahir Turan