zelenski yeni

Ukrayna prezidenti Volodimir Zelenski Yaxın Şərq ölkələrinə səfəri çərçivəsində mühüm və uzunmüddətli razılaşmaların əldə olunduğunu açıqlayıb.

O, bu barədə rəsmi Teleqram hesabında paylaşım edərək bildirib.

Zelenski qeyd edib ki, səfər zamanı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İordaniya kimi ölkələrdə görüşlər keçirilib, həmçinin digər dövlətlərin nümayəndələri ilə də təmasları olub.

Zelenskinin sözlərinə görə, əldə edilən razılaşmalar çoxillik strateji əməkdaşlığı əhatə edir. Bu çərçivədə xüsusilə hərbi-texnoloji sahədə əməkdaşlıq, müdafiə sistemlərinin, o cümlədən hava hücumundan müdafiə vasitələrinin, radioelektron mübarizə texnologiyalarının və proqram təminatlarının tərəfdaş ölkələrə təqdim olunması nəzərdə tutulur.

Ukrayna lideri vurğulayıb ki, söhbət təkcə məhsul satışından deyil, bütöv sistemlərin ixracından gedir və bu istiqamətdə onillik müqavilələr və qarşılıqlı yardım mexanizmləri formalaşdırılır.

Bundan əlavə, tərəflər müharibə şəraitində mülki əhalinin və infrastrukturun qorunması sahəsində təcrübə mübadiləsi aparıblar.

Səfər çərçivəsində II Abdullahla keçirilən görüşdə iki ölkə arasında təhlükəsizlik sahəsində mümkün əməkdaşlıq da müzakirə olunub.

Qeyd edək ki, Ukrayna daha əvvəl Qətər və Səudiyyə Ərəbistanı ilə müdafiə sahəsində əməkdaşlıq haqqında sazişlər imzalayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: