Putin və Rəisi Ərdoğanla görüşə gəlir – Kritik səfərin gizlinləri

İran Prezidenti İbrahim Rəisi yanvarın 24-də Türkiyədə həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Fevralın 12-də isə Rusiya dövlət başçısı Vladimir Putin İstanbula səfər edəcək.

Maraqlıdır, regionun 3 əsas dövlətinin prezidentlərinin qısa ara ilə görüşü nədən xəbər verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, Rusiya və İran dövlət başçılarının Türkiyəyə səfər etməsi birbaşa NATO təşkilatının regional təmsilçisi ilə görüşməsi deməkdir:

“İstanbul şəhəri bu mənada mərkəz rolunu oynayır. Təbii ki, bu görüşlərdə birdən çox məsələ müzakirə ediləcək. Yəni Türkiyə NATO-dan başqa həm də öz maraqları çərçivəsində məsələləri müzakirə edəcək.

Qədir Aslan

Türkiyə istənilən halda NATO və Rusiya-İran arasında stabilizəedici rol oynayır. Rəsmi Ankara hazırda ABŞ və Böyük Britaniyanın regional və qlobal proyektlərində mühüm missiyanı icra edir.

Rəsmi Ankara fərqindədir ki, Rusiya və İrana tətbiq edilən sanksiyalar bu ölkələrə ciddi ziyan vurmaqla yanaşı, rejim dəyişiklikləri riskini də artırır. Bu baxımdan sözügedən iki səfər olduqca vacibdir. Türkiyə hər iki ölkəni ehtimal risklərlə bağlı xəbərdar edəcək”.

Turan Rzayev
Globalinfo.az