
“Tarixi saxtalaşdırmaq cəhdlərini rədd edirik”
Globalinfo.az xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin bəzi ölkələrin rəsmiləri tərəfindən 1915-ci il hadisələri ilə bağlı verilən açıqlamalara münasibətində yer alıb.
“1915 hadisələri ilə bağlı tarixi həqiqətlərə və beynəlxalq hüquqa zidd şəkildə verilən bütün açıqlamaları qəti şəkildə rədd edirik”, – nazirliyin yaydığı yazılı açıqlamada bildirilir.
Ankara bəyan edib ki, bu bəyanatlar və cəhdlər keçmişdə yaşanan hadisələri siyasi məqsədlərlə istismar etmək niyyətini daşıyır və hüquqi baxımdan heç bir qüvvəyə malik deyil.
“Radikal çevrələrin tarixdən düşmənçilik çıxarmaq səyləri təşviq olunmamalıdır. Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinə dəstək vermək çağırışımızı bir daha təkrarlayırıq”, – deyə bəyanatda vurğulanır.
Türkiyənin daim regional və qlobal səviyyədə sülhü, dialoqu, qarşılıqlı anlayışı və ortaq rifahı müdafiə etdiyi qeyd olunub. Bildirilib ki, bu yanaşma çərçivəsində Ankara 1915 hadisələrinin ədalətli və elmi şəkildə araşdırılması üçün arxivlərini açıb və Ortaq Tarix Komissiyasının yaradılmasını təklif edib.
Aysel Əliyeva
Globalinfo.az