IMG 0132

T

ürkiyənin Rizə şəhərində tələbə yataqxanasının tikintisi zamanı baş verən çökmə səbəbindən üç bina ehtiyat tədbiri olaraq boşaldılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında İslampaşa məhəlləsində yerləşən tikinti sahəsində qeydə alınıb.

Məlumata görə, yataqxananın bünövrəsi üçün aparılan qazıntı işləri zamanı istinad divarı və onun üzərindən keçən Şəhidlər Çeşməsi küçəsinin bir hissəsi çöküb.

Hadisə yerinə polis, yanğınsöndürmə və AFAD əməkdaşları cəlb olunub. Təhlükənin qarşısını almaq məqsədilə ərazidə təbii qazın verilişi dayandırılıb.

Çökmədən sonra davam edən torpaq sürüşməsi riski səbəbindən biri istifadəsiz olan ümumilikdə üç bina təxliyə edilib. Boşaldılan iki yaşayış binasının sakinləri gecələmələri üçün dövlət qonaq evlərinə yerləşdiriliblər.

Rizə Gənclər və İdman İdarəsinin rəisi Ramazan Öztürk bildirib ki, 1000 nəfərlik yataqxananın tikintisi zamanı baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.

Onun sözlərinə görə, ərazidə yerləşən şəhid məzarına ziyan dəyməyib. Öztürk qeyd edib ki, çökmə yalnız yolun bir hissəsində və bayrağın yerləşdiyi ərazidə baş verib, lazımi möhkəmləndirmə işlərindən sonra yol əvvəlki vəziyyətinə qaytarılacaq.

Qeyd edək ki, istinad divarının və yolun çökmə anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Hazırda ərazidə araşdırma və təhlükəsizlik tədbirləri davam etdirilir.

Paylaş: