Türkiyədə seçki həftəsi başladı: Ərdoğan, yoxsa Kılıçdaroğlu? – Şərh

Erdoğan'ın, Kılıçdaroğlu'na hakaretleri Cumhurbaşkanlığı sitesinde sansürlendi

Türkiyə həyəcanla gözlənilən prezident seçkiləri həftəsinə daxil oldu. Partiya və namizədlərin ard-arda təşkil etdikləri mitinqlər, keçirilən sorğular rəqabəti daha da gücləndirir. Bu prosesin Türkiyə tarixində ən həlledici seçki olacağı bildirilir. Əsas namizədlər Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu hesab olunsa da, Məhərrəm İncə, Sinan Oğan kimi namizədlərin ön plana çıxması xüsusilə diqqət çəkir.

Son mitinqlər – Cumhur İttifaqı ilə Millət İttifaqının İstanbul aksiyaları seçkinin necə keçəcəyini müəyyən edirmi? Seçkiyə qədər nə kimi sürprizlər gözlənir?

Mövzunu Globalinfo.az-a şərh edən beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli keçirilən mitinq və anket soğularının seçki prosesinə təsirindən söz açıb:

“Düşünmürəm ki, siyasi partiyalara bağlı olan anket şirkətləri real nəticəni göstərə bilsin. Doğrudur, bəzən ilkin fikir formalaşdırmaq üçün önəmli rol oynayırlar. Məsələn, dünən İstanbulda Ədalət və İnkişaf Partiyasının (AKP) 1 milyon 700 min insanın iştirakı ilə keçirdiyi “Böyük İstanbul mitinqi” düşüncələri tamamən fərqli istiqamətə yönləndirdi. Qərbə bağlı media və müxalifətin anket sorğusu keçirən şirkətləri cəmiyyətdə Rəcəb Tayyib Ərdoğanın məğlub olacağı kimi fikirlər formalaşdırmağa çalışırlar. Amma tamamilə bunun əksinə şahid olacağıq. Çünki Türkiyənin böyük şəhərlərində AKP yaxşı nəticə göstərə bilməsə də, bütövlükdə Anadoluda çox böyük səs fərqi ilə qalib gəlmək imkanı var.

Seçkilərin son həftəsində R.T.Ərdoğanın, xüsusilə də onun rəqibi Zəfər Partiyasının sədri Sinan Oğanın böyük sürpriz həyata keçirdiyini artıq görürük. Güman edirəm ki, seçkilərin birinci turunda AKP tam qalibiyyət əldə etməsə də, ikinci turda buna nail olacaq. Düşünürəm ki, həm Sinan Oğana, həm də digər rəqib Məhərrəm İncəyə prezident köməkçisi vəzifəsi təklif edilə bilər”.

Ə.Əlibəyli seçkilərdə əsas sürprizi Ərdoğanın edəcəyini söyləyib:

“Mayın 7-də Ərzurumda İstanbul Bələdiyyəsinin rəhbəri, CHP üzvü Əkrəm İmamoğlu üzərindən müəyyən fikir formalaşdırılmağa çalışıldı. “Millət İttifaqı”nın nümayəndələri bu tip təxribat hərəkətlərini planlı şəkildə hakimiyyət əleyhinə çevirməkdə maraqlıdırlar. Amma mən sürprizləri müxalifətdən deyil, 8-10 % olan tərəfsiz kəsimi öz tərəfinə çəkə biləcək AKP-dən gözləyirəm. Əgər seçki tarixi daha irəli çəkilsəydi, başda Kamal Kılıçdaroğlu olmaqla “Millət İttifaqı”nın texnoloqları və təmsilçiləri genişmiqyaslı etirazlar yaratmağa davam edəcəkdilər. Düşünürəm ki, Azərbaycan məsələsi də Türkiyə seçkilərinin həlledici faktorlarından biri olacaq”.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 14 mayda keçiriləcək.

Ayşən Mustafa
Globalinfo.az