ankara baki 1 scaled e1756076426901 900x513 1

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun “Cümhuriyyət” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlər fərqli məzmunda təqdim olunaraq tənqid hədəfinə çevrilib. Səbəb isə səfirin Türkiyə–Ermənistan sərhədinin açılması perspektivi ilə bağlı səsləndirdiyi məntiqli və açıq mövqedir.

Sitat:

“Biz Türkiyə Xarici İşlər Nazirliyi ilə davamlı şəkildə əlaqə qururuq. Ermənistan–Türkiyə münasibətlərinin normallaşması ilə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması paralel şəkildə aparılır. Ermənistan konstitusiyasında Azərbaycana qarşı torpaq iddiası var. 7 iyul seçkilərindən sonra konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirəcəklər. Torpaq iddiası ortadan qalxdıqdan sonra ABŞ-da paraflanan Azərbaycan–Ermənistan sülh sazişi imzalanacaq. Bunun ardınca Ermənistan–Türkiyə və Ermənistan–Azərbaycan sərhədləri açılacaq”.

Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsaməddin İnaç bildirib ki, son günlər baş verən hadisələr Türkiyədə də ciddi narahatlıq doğurub:

“Əslində, rahatlıqla deyə bilərəm ki, bu gün Türkiyə xalqının böyük əksəriyyəti baş verənlərdən narahatdır.

Həqiqətən də Türkiyə–Azərbaycan münasibətlərini pozmaq istəyən müəyyən kəsimlər var. Özünü “siyasi İslamçı” xətt kimi təqdim edən “Akit” qəzeti və onun ətrafındakı çevrələr buna misal ola bilər. Onlar Azərbaycanın İsraillə münasibətlərini əsas gətirərək təxribat xarakterli fəaliyyət aparırlar. İkinci qüvvə İran yönümlü kəsimdir. Həmin çevrələr İran–İsrail qarşıdurması fonunda Azərbaycanın İsrail üçün baza rolunu oynadığını iddia edirlər.

husamettin inanc
Hüsaməddin İnaç

Üçüncü qrup isə Doğu Perinçek və Vətən Partiyası ətrafında formalaşan çevrələrdir. Onlar daha çox Çin yönümlü düşüncə xəttinə yaxındırlar. Bu dairələr həm Türkiyə–Azərbaycan münasibətlərinin inkişafından, həm də türk dövlətlərinin təşkilatlanmasından ciddi şəkildə narahatdırlar.

Hesab edirəm ki, bu üç kəsim zaman-zaman ortaq mövqedən çıxış edir. Azərbaycan rəsmilərinin fikirlərini təhrif edərək manipulyasiya yaratmağa çalışırlar. Amma bu şəxslərin mövqeyi türk xalqının ümumi fikrini ifadə etmir.

Heç kimin gücü Azərbaycan–Türkiyə qardaşlığını pozmağa çatmayacaq. Bu dağıdıcı fəaliyyətlərin də nəticəsi olmayacaq”.

Politoloq Züriyə Qarayeva isə bildirib ki, son illərdə Türkiyədə Azərbaycanla bağlı müəyyən xoşagəlməz informasiya kampaniyalarının müşahidə olunması diqqət çəkir:

“Bu proseslər, əsasən, sosial media platformalarında, bəzi marginal media dairələrində və regiondakı geosiyasi maraqlardan təsirlənən çevrələrdə özünü göstərir. Xüsusilə Azərbaycanın müstəqil xarici siyasəti, enerji layihələri, Türk dünyası ilə inteqrasiya xətti və postmüharibə dövründə regionda güclənən mövqeyi bəzi dairələri narahat edir. Bu səbəbdən zaman-zaman iki qardaş ölkə arasında fikir ayrılığı görüntüsü yaratmağa çalışan manipulyativ məlumatlar dövriyyəyə buraxılır.

Bu cəhdlərin əsas məqsədi Türkiyə–Azərbaycan münasibətlərinin strateji xarakterinə zərbə vurmaq və ictimai rəydə süni şübhə formalaşdırmaqdır.

zuriye qarayeva 900x600 1
Züriyə Qarayeva 

Lakin bütün bunlara baxmayaraq, dövlətlərarası münasibətlərin real mənzərəsi tam fərqlidir. Azərbaycan və Türkiyə arasında siyasi, hərbi, iqtisadi və humanitar əməkdaşlıq son illərdə daha da dərinləşib. Xüsusilə Şuşa Bəyannaməsindən sonra münasibətlər artıq klassik müttəfiqlik çərçivəsini aşaraq strateji təhlükəsizlik modelinə çevrilib.

Bu səbəbdən müəyyən dairələrin apardığı qarayaxma kampaniyaları daha çox informasiya müstəvisində təsir yaratmağa hesablanıb. Reallıq isə ondan ibarətdir ki, Ankara və Bakı arasında münasibətlər regionun ən sabit və koordinasiyalı tərəfdaşlıq xətlərindən biri olaraq qalır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: