Türkiyədə həlak olan azərbaycanlı tələbələrlə bağlı TƏKLİF

6 fevral 2023-cü il tarixində Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində həlak olan azərbaycanlı tələbələrin yaxınları onların xatirələrinin əbədiləşdirilməsi məqsədilə təhsil aldıqları universitet və digər qurumların rəhbərliyinə müraciət ediblər.

Bu barədə Globalinfo.az-a Malatyada zəlzələ nəticəsində həlak olan tələbələrdən Samir Quliyevin qohumu Ramal Şəmşədli deyib.

“Bilirsiniz ki, Türkiyədə baş verən zəlzələ nəticəsində evlərlə bərabər universitetlər də dağılıb. Hazırda universitet yenidən tikilir. Ola bilər ki, dörd azərbaycanlı tələbəmiz üçün həmin təhsil ocağında bir guşə yaradılsın. Bununla bağlı oranın bələdiyyə sədrinə, rektora, səfirliyimizə müraciət də etmişik. Ümid edirik, müsbət nəticə olar”, – R.Şəmşədli deyib.

Qeyd edək ki, zəlzələ nəticəsində həlak olan Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələri idilər.

Zaira Akifqızı
Globalinfo.az