Türkiyədə dəhşətli zəlzələdən zərərçəkmişlərə ilk evlər verildi – VİDEO/FOTO

“Biz tuta bilməyəcəyimiz heç bir vəd vermədik”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Tviter hesabından bildirib.

O qeyd edib ki, əsrin fəlakətindən 76 gün sonra, ilk evləri bu gün təhvil verilir.

“İnşallah, 319 min evin açarları da 365-ci gündə zəlzələdən zərər çəkən bacı-qardaşlarımızın əlində olacaq”.

Qeyd edək ki, Qaziantepin Nurdağı rayonunun Belpınar məhəlləsində zəlzələdən zərərçəkmişlər üçün inşa edilən 14 ev “ağıllı kənd” tətbiqi ilə sahiblərinə təhvil veriləcək.

Layihə çərçivəsində 14 kənd evi, məscid, qonaq evi, tövlələr tikilib və abadlıq işləri görülüb.

“Ağıllı kənd” konseptində inşa edilən evlər smart sistemlə idarə olunur. Vətəndaşlar telefonlarına və ya kompüterlərinə yüklədikləri “ağıllı kənd” tətbiqi ilə evlərini işıq, su və yanğın sensorları ilə uzaqdan idarə edə, yanğın, sel kimi hallarda tədbir görə biləcəklər.