Azərbaycan 13-14 iyul tarixlərində dünyanın müxtəlif ölkələrindən olan media nümayəndələrinin iştirak etdiyi IV Şuşa Qlobal Media Forumuna yüksək səviyyədə ev sahibliyi etdi.
Şuşa Azərbaycanın mənəvi və mədəni paytaxtı olmaqla yanaşı, qardaş Türkiyə ilə müttəfiqlik münasibətlərinin əsasının qoyulduğu şəhərdir. Təəssüf ki, Türkiyədə iki qardaş ölkənin dost münasibətlərinə qısqanclıqla yanaşan qüvvələr də var ki, informasiya vasitələrindən öz kripto fəaliyyətləri üçün sui-istifadə edirlər. Dezinformasiya medianın ən vacib müzakirə mövzularından biridir və Azərbaycan-Türkiyə münasibətləri bəzən bu sahədə sınaqla üzləşir. İsrail ilə bağlı Türkiyənin bəzi xəbər saytlarında, müxtəlif sosial şəbəkə səhifələrində, ayrı-ayrı şəxslər tərəfindən edilən paylaşımlarda Azərbaycanla bağlı saxta məlumatlara rast gəlinir. Hansı ki, bu cür saxta və qərəzli xəbərləri yaymaq yalnız Türkiyə ictimaiyyətini çaşdırmaq, iki ölkənin xalqları arasında nifaq yaratmaq məqsədi daşıyır.
Globalinfo.az-a danışan Anadolu Agentliyinin İdarə Heyəti sədrinin müavini və baş redaktoru, Türk Xəbər Agentlikləri Alyansının (ATNA) vitse-prezidenti Yusuf Özhan deyib ki, rəqəmsallaşma və sosial medianın sürətli inkişafı ilə bu gün informasiya kirliliyi və dezinformasiya medianın üzləşdiyi ən böyük problemlərdən birinə çevrilib:
“İctimaiyyəti çaşdırmağa yönəlmiş bu cür əsassız xəbərlər qarşısında jurnalistika peşəsinin məsuliyyəti hər zamankından daha ağır və daha kritikdir. Anadolu Agentliyi olaraq, bu cür informasiya kirliliyinə, dezinformasiya, məlumatı təhrif etmək və manipulyasiya cəhdlərinə qarşı ən güclü cavabımız universal mətbuat prinsiplərinə sarsılmaz sadiqliyimizdir”.
Yusuf Özhan qeyd edib ki, Anadolu Agentliyinin uğurunun sirri əslində qurumun riayət etdiyi bu sarsılmaz prinsipdədir:
“Əsas prioritetimiz bugünkü sürətə əsaslanan media ekosistemində “sürət” və “dəqiqlik” arasında incə tarazlığı qorumaqdır. Bir xəbəri hər kəsdən öncə çatdırmaq istəyi heç vaxt yoxlama mexanizmlərimizi ötüşdürmək üçün bəhanə ola bilməz. Buna görə də, heç bir xəbəri mütləq şəkildə çoxsaylı və etibarlı mənbələrdən yoxlamadan dərc etmirik. Şayiələri xəbərə çevirmək əvəzinə, konkret məlumatlara və sənədlərə əsaslanan jurnalist yanaşmasını tətbiq edirik. Ümumi xəbər yayımı prosesində apardığımız bu diqqətli, çoxqatlı və ətraflı redaksiya prosesi ictimaiyyətin dəqiq, şəffaf və qərəzsiz məlumatlandırılmasının ən böyük zəmanətidir”.
O, həmçinin, bildirib ki, bütün redaksiya prosesinə əlavə olaraq, dezinformasiyaya qarşı mübarizəni dövrün tələblərinə uyğun olaraq daha sistemli və institusional hala gətirməyi hədəfləyən Anadolu Agentliyinin strukturunun vacib bir hissəsi kimi Fakt Yoxlama Xətti yaradılıb:
“Bu bölmə vasitəsilə biz sosial media platformalarında sürətlə yayılan və ya müxtəlif rəqəmsal platformalarda qəsdən yayılan saxta xəbərlərə, mənbəyi və məqsədi aydın olmayan məzmuna, manipulyativ görüntülərə və əsassız iddialara son dərəcə şübhə ilə yanaşırıq. Fakt Yoxlama Xəttində çalışan ekspert qrupumuz yayılan məzmunu ətraflı araşdırır və həqiqəti ictimaiyyətlə bölüşür. Məqsədimiz yalnız dezinformasiyanın yayılmasının qarşısını almaq deyil, həm də həqiqəti tam şəffaflıqla ortaya çıxarmaqla ictimaiyyətin manipulyasiya edilməsinin qarşısını almaqdır. Dəqiqlik məsələsində heç vaxt güzəştə getməyən, faktın yoxlanmasına üstünlük verən bu peşəkar yanaşmamız, böhran dövrlərində belə dəqiq və etibarlı məlumat mənbəyi olmağa davam edəcək”.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul