NATO-nun Haaqadakı sammitinin təşkilatçıları Ukrayna Prezidenti Volodimir Zelenskini işçi görüşlərə dəvət etməyiblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban açıqlama verib.
Orban bildirib ki, ABŞ, Türkiyə, Slovakiya və Macarıstan liderləri alyansla bağlı məsələlərdə Zelenski ilə eyni masa arxasında oturmaq istəmədiklərini açıq şəkildə bəyan ediblər.
“Diplomatiyada harada olduğunuzdan daha çox harada olmadığınız önəmlidir. Cənab Zelenskinin NATO sammitində heç bir rəsmi formatda iştirak etməyəcəyi faktı göstərir ki, əvvəlki mərhələ artıq geridə qalıb. Amerikalılar, türklər, slovaklar və biz – hamımız açıq şəkildə Zelenski ilə eyni masada oturmaq istəmədiyimizi bildirdik”, – deyə Orban vurğulayıb.
Macarıstanın Baş naziri əlavə edib ki, Zelenskini iyunun 26-27-də Brüsseldə keçiriləcək Avropa İttifaqı sammitində görməkdən məmnun olar, lakin Ukraynanın NATO və Aİ-yə üzvlüyünə qarşı olduğunu bir daha təkrarlayıb.
“Macarıstanın milli maraqları Ukrayna ilə heç bir inteqrasiya birliyində – nə NATO-da, nə də Aİ-də – birgə olmamağı tələb edir”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ mediasında daha əvvəl yayılan məlumatlara görə, Zelenskinin NATO sammitinin işçi görüşlərinə dəvət olunmamasının əsas səbəblərindən biri də ABŞ Prezidenti Donald Trampın onunla görüşmək istəməməsi olub.
Bununla belə, Zelenski sammitin açılış günü Niderland kralı Vilem-Aleksandr və kraliça Maksimanın iştirakçılar üçün təşkil etdiyi rəsmi qəbul mərasiminə dəvət alıb.
Aysel Əliyeva
Globalinfo.az