Misir və Türkiyə prezidentləri Qəzzada dərhal atəşkəsin əldə olunması ilə bağlı çağırış ediblər. 

Globalinfo.az xəbər verir ki, bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə səfərdə olan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Tərəflər anklavın əhalisinə lazımi humanitar yardımın maneəsiz çatdırılmasının təmin olunmasının vacibliyini vurğulayıblar:

“Türkiyə prezidenti ilə danışıqlar zamanı biz Qəzza zolağında dərhal atəşkəsin əldə olunması və anklavın əhalisinə humanitar yardımın maneəsiz çatdırılmasının təmin edilməsi ilə bağlı çağırış etdik”, – Misir prezidenti deyib.

Türkiyə Prezidenti də deyib ki, Qəzzada atəşkəsə nail olmaq və humanitar yardımların maneəsiz çatdırılması prioritet məsələdir: “Ölkəmiz indiyədək Qəzzaya 34 min tondan çox yardım göndərib”.

Ərdoğan, həmçinin başda BMT Təhlükəsizlik Şurası olmaqla beynəlxalq ictimaiyyəti Qəzzada davam edən qətliamı dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.

Əliyar Xəlil
Globalinfo.az

 

Paylaş: