Türkiyə və Bolqarıstan qaz sazişi imzaladı

Bolqarıstanın “Bulgargaz” şirkəti ilə Türkiyənin dövlət şirkəti “Botaş” terminallara və türk şirkətinin qaz nəqli şəbəkəsinə çıxışı təmin edən qaz müqaviləsi imzalayıb.

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasim Bolqarıstan hökumətinin binasında baş tutub.

Bolqarıstan energetika naziri Rosen Xristov müqavilənin detallarının 24-25 dekabr 2022-ci ildə razılaşdırıldığını, bu gün isə onun imzalanması ilə enerji sektorunda genişmiqyaslı əməkdaşlığa yeni bir başlanğıc verdiklərini bildirib:

“2022-ci ildə qaz təchizatında çətinlik çəkdik və indi Türkiyədən olan həmkarlarımızla birlikdə bu problemi həll edirik. Bolqarıstan təbii qazı bütün dünya istehsalçılarından almaq və Türkiyəyə boşaltmaq imkanı əldə edir ki, bu da bizim üçün çox əlverişli olan razılaşma sayəsində infrastrukturun olmaması problemidir. Artıq maye qazın boşaldılması məsələsi həll olunub”.

Türkiyə energetika və təbii sərvətlər naziri Fatih Dönməz isə 2023-cü ilin ilk növbədə enerji sahəsində ikitərəfli əlaqələrin inkişafında məhsuldar olmasını arzulayıb və qaz müqaviləsinin 13 il müddətinə imzalandığını qeyd edib:

“İmzalanmış sazişə əsasən 13 il müddətində, hər il 1,5 milyard kubmetr qazın tranziti təmin ediləcək. Avropaya və Bolqarıstana tədarükün təhlükəsizliyinə böyük ölçüdə təminat veriləcək. Ümumi səylər sayəsində bu qaz həcmi təmin ediləcək və bəlkə də artırılacaq. Bu saziş Türkiyəyə qaz nəqli mərkəzi olmaq yolunda daha bir addım atmağa imkan verir”.