Türkiyə seçkilərinə Azərbaycan müxalifətindən reaksiya – Partiya sədrlərindən maraqlı mövqe

Türkiyədə prezident seçkilərinin ikinci turu da yekunlaşdı. Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə prezidenti seçildi.

Türkiyədəki seçkilər bütün dünyada olduğu kimi ölkəmizdə də yaxından izlənilirdi. Xüsusilə ölkə müxalifətinin bu seçkilərə marağı böyük idi.

Maraqlıdır, Azərbaycan müxalifətinin Türkiyədə keçirilən seçkilərə və nəticəsinə münasibəti necədir?

Tural Abbaslı 

AĞ Partiya başqanı Tural Abbaslı Globalinfo.az-a deyib ki, istər Azərbaycan iqtidarı, istərsə də müxalifətinin Türkiyədəki seçkiləri obyektiv qiymətləndirməsi mümkün deyil:

“Məsələ ondadır ki, həm müxalifətin, həm də iqtidarın seçkilərə yanaşması Azərbaycanın siyasi, regional, diplomatik, strateji maraqları çərçivəsindədir. Bütün bu maraqları nəzərə alan bir kimsənin əks-mövqe bildirəcəyini düşünmürəm.

Mən düşünmək istəmirəm ki, Ərdoğan prezident seçilməsə və AK partiya seçkilərdə üstünlüyü ələ ala bilməsə nələr olardı. Ən sadə bir nüansı qeyd edim ki, Qarabağ məsələsində, Ermənistanla sülh prosesi çərçivəsində, Zəngəzur dəhlizi məsələsində biz həm İranın, həm Rusiyanın, həm də Qərbin ciddi təzyiqləri ilə üzləşərdik.

Türkiyə həm də bu məsələlərdə bizə dəstək olur. O fikirlə də razı deyiləm ki, “Ərdoğanı dəstəkləmək, diktatoru dəstəkləməkdir” və ya “Ərdoğanı dəstəkləmək, Azərbaycan hakimiyyətini dəstəkləməkdir”. Bu belə deyil. Güclü Azərbaycan, yaxşı gələcək üçün Türkiyənin Ərdoğanı seçməsi vacib idi. Buna görə də mən nəticələrin belə olmasından çox məmnunam”.

Fazil Mustafa

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib ki, Türkiyədə keçirilən seçkilər onu göstərdi ki, xalqın əksər hissəsi mövcud hakimiyyəti dəstəkləyir:

“Xalq həm parlament, həm də prezident seçkilərində öz siyasi iradəsini göstərdi. Türkiyədə cəmiyyətin üzləşdiyi çətin günləri nəzərə alsaq bu doğru seçim idi.

Hesab edirəm, Rəcəb Tayyib Ərdoğanın qələbə qazanması bizim üçün də müsbət hadisədir. Belə ki, o, istər Qarabağ, istərsə də digər bir çox məsələdə ölkəmizə açıq dəstəyini ifadə edib. Bu baxımdan Ərdoğanın həm mövqeyi, həm də qalib gəlməsi bizim üçün məqbuldur”.

Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitə üzvü Natiq Cəfərli isə hesab edir ki, qardaş Türkiyədə kimin qalib olmasından asılı olmayaraq çox da xoş olmayan mənzərə yaranır:

“Ölkə tam iki yerə, cəmiyyət yarı-yarıya bölünüb. Amma Türkiyənin iki vacib “immuniteti” var: seçki institutu və sekuylar kəsim. Əminəm ki, bu iki amil qardaş ölkəyə bütün problemlərə üstün gəlməyə kömək olacaq.

Nəticədən asılı olmayaraq CHP-yə, Kılıçdaroğluna təşəkkür düşür, əllərindən gələni etdilər, seçki institutunu, seçkiyə inamı diri tutdular, sonacan mübarizə apardılar.

Ərdoğan və AKP-yə də təşəkkür düşür, əllərində olan bu qədər inzibati resursa, maddi imkanlara baxmayaraq kobud saxtakarlığa getmədilər, “oy, sandıq siyasətçinin namusudur”, dedilər, istənilən toplumların inkişafı üçün təməl şərt olan seçki institutunu ciddi zədələmədilər”.

İqbal Ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazadənin fikrincə, bu seçim Türkiyə xalqının seçimidir və biz yalnız Türkiyə xalqının seçimlərinə hörmət etməliyik:

“Təbii ki, Türkiyədəki seçkilərdə bizim üçün prioritetlər vardı. Rəcəb Tayyib Ərdoğanın həm prezident seçkilərində, həm də parlament seçkilərində qalib gəlməsi bizim üçün əsas prioritet idi. Bunun da fundamental səbəbləri var.
Ərdoğan Türkiyəni yeni bir mərhələyə daşıyıb. Bu mərhələdə Türkiyənin Cənubi Qafqazda mühüm rolu var. Azərbaycan isə Türkiyənin Cənubi Qafqaz siyasətinin ən əsas hissəsini təşkil edir. Diqqət etsəniz, bütün seçki kampaniyası ərzində Ərdoğan Azərbaycan, Qarabağ, Ermənistan-Azərbaycan məsələlərini xüsusi bir xətlə seçicinin diqqətinə çatdırdı.

Ümumiyyətlə Ərdoğan və iqtidarı Qarabağa həssas yanaşır. Azərbaycan ictimaiyyəti də buna görə Ərdoğanı istəyirdi. Hesab edirəm, yeni dönəmdə də Türkiyənin Cənubi Qafqaz münasibətləri dəyişməyəcək. Hətta Rusiya tədricən öz yerini Türkiyəyə verəcək”.

Sərdar Cəlaloğlu 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə deyib ki, bütün kənar müdaxilələrə baxmayaraq Türkiyədə qanuni seçkinin şahidi olduq:

“Seçkinin nəticəsinə müxalifətdən bir dənə də olsun etiraz arqumenti ortaya qoyulmadı. Ümumilikdə dünya tarixində ən çox seçicinin qatıldığı seçkilərdən biri oldu. Şəxsən mən ikinci turda daha az seçicinin qatılacağını gözləyirdim.
Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi onun xalqı nəzdində etibarlı, güvənilir lider olduğunu göstərir. O təkcə Kılıçdaroğluna deyil, həm də beynəlxalq güclərə qalib gəldi. Hesab edirəm, qarşıdakı 5 il Türkiyə, Ərdoğan və onun dostları üçün olduqca uğurlu bir il olacaq”.

Turan Rzayev
Globalinfo.az