Türkiyə MTŞ-dan çağırış: Müharibəni dayandırın

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Globalinfo.az xəbər verir ki, prezident iqamətgahında qapalı keçirilən görüş üç saata yaxın davam edib.

Görüşdə terrorla mübarizə, Rusiya-Ukrayna müharibəsi, İraqda baş verən hadisələr və bu kimi regional məsələlər müzakirə edilib.

Toplantının yekununda bəyanat qəbul edilib.

“Rusiya və Ukrayna arasındakı müharibənin gedişi və onun regionumuz üçün mümkün gələcək nəticələri ətraflı müzakirə edilib. Qara dənizdə gərginliyin artması heç kimin marağında deyil. Ona görə də tərəfləri danışıqlar masası arxasına oturmağa və dərhal müharibəni dayandırmağa çağırırıq”, – bəyanatda qeyd olunub.

Sənəddə bildirilib ki, FETÖ ilə mübarizədə çərçivəsində bu xəyanətkar şəbəkənin heç bir şəraitdə mövcud olmasına icazə verilməyəcək.

Qeyd olunub ki, Qara dənizdə gərginliyin artmasının heç kimə xeyri olmayacaq.

Həmçinin sənəddə Afrikada gedən son proseslər də qiymətləndirilib və bildirilib ki, qitənin problemlərinin ən uyğun həlli yollarını ancaq qitə sakinləri tapa bilərlər.

Bəyanatda habelə son aylarda intensivləşən Quranın yandırılması aksiyaları kəskin qınanıb.