Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə qalması məsələsi həll edildi – seçkidə qalib gəldi. Amma seçkidən sonra lirə sürətlə ucuzlaşır, paralel olaraq isə ölkədə qiymətlər yüksəlir. Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan seçkilərdəki qalibiyyətdən sonra çıxışında bu məsələyə baxılacağını, həll yolları axtarılacağını bildirmişdi. Bu səbəbdən hazırda ölkədə iqtisadiyyat nazirinin kim olacağı maraqla gözlənilir. Ümumi olaraq isə ölkədəki vəziyyət xalq arasında “iqtisadi böhran” olaraq qiymətləndirilir.
Bəs Türkiyə iqtisadiyyatını toparlaya biləcəkmi? Hökumətin inflyasiyanın, devalvasiyanın qarşısını almaq üçün nə kimi potensialı var? Kənar güclər sosial-iqtisadi vəziyyətin çətinliyini fürsət bilib, ölkədə qarşıdurma yarada bilərmi?
Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı-ekspert Xalid Kərimli Türkiyədəki vəziyyətin “iqtisadi böhran” olmadığını, əksinə, bu sahənin inkişaf etdiyini bildirib:
“2022-ci ildə Türkiyə iqtisadiyyatı 5,6% artım əldə edib. Bu da iqtisadiyyatın Azərbaycana nisbətən 2 dəfə çox böyüməsi deməkdir. Bu ilin ilk yarısında da gözləntilərin üstündə, 4% artım müşahidə edilib. Azərbaycanda isə yanvar-aprel aylarında iqtisadi artım 0,1%-dir. Yəni Türkiyə iqtisadiyyatı sürətlə böyüyür, inkişaf trendindədir. Bu artım 2021-ci ildə də müşahidə olunmuşdu. Pandemiya ilə bağlı problemlər, Rusiya-Ukrayna müharibəsinə, hətta fevralda baş verən zəlzələyə rəğmən bu ölkənin iqtisadiyyatı gözləntilərin üzərində böyüyür. Burada məşğulluq yaxşı səviyyədədir, ixracat artır. Ona görə də böhran anlayışı doğru deyil.
Lirə ucuzlaşdığı üçün ölkədə bahalaşmanın olması normaldır. Türkiyədə bir çox məhsul idxal edilir, resurslar elə də zəngin deyil. İxrac edilən məhsulların bir hissəsi də xarici ölkələrdən idxal olunur”.

Xalid Kərimli
Ekspert Türkiyə iqtisadiyyatının mövcud vəziyyətini dəyərləndirərkən bunun qlobal problem olduğunu bildirib:
“Türkiyədə hazırkı problem inflyasiyadır. 1992-2002-ci illəri müqayisə etdikdə görürük ki, lirə bu müddətdə dəfələrlə dəyər itirib. Türkiyənin son 30-40 ildə tutduğu yol ixrac iqtisadiyyatı olduğu üçün pul vahidini dayanıqlı ucuzlaşdırırlar. Lirəni bahalaşdırıb, iqtisadi aktivliyi azalmaq yolunu izləmirlər. Amma ölkədə inflyasiya yüksəkdir, Türkiyə bunun səviyyəsini endirməyə çalışır. Əvvəlki illərdə inflyasiya göstəricisi təxminən 70%-ə çatmışdı, hazırda isə 45-46%-dir. Yəni enmə müşahidə edirik, doğrudur, bu göstərici özü də çoxdur. Nəticə etibarilə Türkiyədə hazırda ən böyük problem inflyasiyanın sürətli olmasıdır.
Bu məsələ sadəcə Türkiyə ilə məhdudlaşmır. Ölkəmizdə manatın dəyəri stabildir, düşmür, əksinə, bəzən bahalaşır, neft ixrac edirik, ümumi ixrac idxalı üstələyir, amma bizdə də inflyasiya var. Ərzaq inflyasiyası ötən il 21-22% idi, bu il 17%-dir. Yəni bu, qlobal problemdir, Avropada da var. Sadəcə birində qiymət artımı çox, birində isə az müşahidə olunur. Türkiyə neft, qaz alır, onların qiyməti isə ötən illə müqayisədə aşağı düşüb. Ölkə ilə bağlı qeyri-müəyyənlik vardı, artıq aradan qalxır”.
O, Türkiyə hökumətinin iqtisadi siyasətdə tutduğu yol səbəbi ilə vəziyyətin bu şəkildə olduğunu deyib:
“AKP hökuməti ənənəvi olaraq məşğulluq, ucuz faiz siyasəti və iqtisadi artımı dəstəkləyir. Hökumətin siyasəti budur və kifayət qədər də uğurlu nəticələri var. Bazarlarda bu siyasətin davam edəcəyi, lirənin daha da ucuzlaşacağı gözlənilir. Amma bu, Türkiyə üçün idarəolunmaz proses deyil, ölkədə inflyasiya prosesi tədricən aşağı düşəcək. Ölkənin bunun üçün böyük ixrac potensialı var, orada minimum və orta aylıq əməkhaqqı Azərbaycandan iki dəfə yüksəkdir. İnflyasiya var, hökumət də minimum əmək haqqını davamlı olaraq artırır ki, insanlar sosial baxımdan çox əziyyət çəkməsinlər. Yenə də ümumi proseslər, əmtəə qiymətinin enməsi inflyasiyanı nəzarət altına alacaq. Amma hökumətin depozitlərdə olan valyuta məzənnəsi ilə bağlı siyasətinə əsasən, lirədə olan vəsaitinin itməməsi üçün vətəndaşlara dəstək verilir.
Nəticə olaraq Türkiyə hökumətinin tutduğu, doğru hesab etdiyi yol budur. Amma nəzərə almaq lazımdır ki, hazırda bu ölkədə iqtisadi artım Azərbaycandan 40 dəfə çoxdur”.
Ayşən Mustafa
Globalinfo.az