Türkiyə Avropanın gözlədiyi qərarı verdi: 3 səbəb, “B planı” – Risklər var

İsveçin NATO-ya üzvlüyü Türkiyə Böyük Millət Məclisində AKP, MHP və CHP-nin dəstəyi ilə ratifikasiya edildi. Beləliklə, İsveçin NATO-ya üzvlüyü ilə bağlı ən böyük əngəl aradan qalxmış oldu.

Prinsip etibarilə Türkiyənin belə bir qərar verəcəyi gözlənilən idi. Ankara üçün İsveç və ya başqa ölkənin NATO-ya üzv olması problem deyil, əksinə Alyansın güclənməsi Türkiyənin də güclü olması deməkdir.

Türkiyə PKK başda olmaqla, mübarizə apardığı terror təşkilatlarının üzvlərinin İsveç tərəfindən himayə edilməsi, vətəndaşlıq verilməsi, Quranın yandırılması kimi məsələlərə etiraz edirdi. Bundan başqa, Ankara F-16, habelə F-35 proqramından çıxarılmasına etiraz olaraq da rəsmi Stokholmun NATO-ya üzvlüyünə maneə yaradırdı. Görünən odur ki, Türkiyə istəklərinə nail olub və bunu da İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməklə göstərir.

Türkiyə faktiki olaraq bununla üç məsələni sübut etdi:

Birincisi, NATO-ya hansı ölkənin girəcəyi barədə qərarları təkcə ABŞ vermir. Alyasın bütün üzvləri bərabərhüquqludur və heç bir ölkə dominant deyil;

İkincisi, Bayden Administrasiyası Türkiyə F-16-larının modernizasiyasına Konqresdə dəstək verilməsini vəd edir. Bu, Türkiyəni narahat edən ən önəmli məqamlardan idi;

Üçüncüsü, İsveçin NATO-ya üzvlüyü ilə bağlı proses çərçivəsində Kanadanın Türkiyəyə hərbi məhsulların satışına qoyulan embarqonu aradan qaldıracağı bildirilib. Bu həm də Türkiyənin gələcəkdə F-35 proqramına qayıtması mənasına gəlir.

Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsi Stokholmun Alyansa üzvlüyü demək deyil. Macarıstan hələ də bənzər qərarı verməyib. Əslində, Macarıstan və Türkiyə bu məsələdə ortaq hərəkət edirlər və mümkündür ki, Ankara Budapeşti “B planı” olaraq görür. Çünki Bayden Türkiyənin F-16-ların modernizasiyası ilə bağlı istəyinə Konqresdə dəstək verilməsi üçün iş aparılacağını vəd etsə də, bunun yerinə yetirilməməsi riski də var. Bənzər risk Kanadanın Türkiyəyə hərbi məhsulların satışına qoyulan embarqonu aradan qaldırması ilə bağlı da mövcuddur. Lakin Macarıstanın yaxın zamanda Ankara kimi anoloji qərarı verəcəyi istisna deyil.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı