Türkiyə Ermənistan yalnız bu halda bağışlaya bilər: “Paşinyanın Ağrı dağı gedişi”

Ermənistan Baş naziri Nikol Paşinyan regionlarda sakinlərlə görüşündə Ağrı dağının deyil, Alagöz (Araqats) dağının Ermənistanın ən yüksək zirvəsi kimi qəbul edilməli olduğunu bildirib. O, Türkiyə ilə münasibətlərin normallaşması prosesinin vacibliyini qeyd edib. Ağrı dağı iddiasının onların xeyrinə olmadığını söyləyib.

Ermənilərin Ağrı dağı ilə bağlı iddialardan əl çəkməsi nə dərəcədə mümkün görünür? Ermənistan konstitusiyasında bununla bağlı dəyişiklik edilə bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Turab Rzayev ermənilərin Ağrı dağı iddiasının əsassız olduğunu deyib:

“Əslində, Ermənistanın Ağrı dağına iddiası yoxdur, bu, sadəcə, sərsəmlikdir. İddia mübahisəli əraziyə qarşı, iki ölkə sərhədində, danışıqlar prosesində ola bilər. Məsələn, Elbrus və Kazbek dağlarının zirvələri və ətrafları ilə bağlı Gürcüstan və Rusiya arasında mübahisəli məsələ vardı. Eyni zamanda İtaliya və Fransa arasında da bənzər mübahisələr mövcud idi. Əsas məsələ zirvənin hansı ölkənin ərazisinə düşməsidir. Amma burada Ağrı dağı Türkiyə sərhədləri daxilində yerləşir. Sadəcə, ermənilər oranın özlərinin tarixi torpağı olduğunu bildirərək Ağrı dağının onlara məxsus zirvə olduğunu söyləyirlər. Bu minvalla biz də iddia edə bilərik ki, Böyük Qafqaz dağları tarixən Azərbaycan ərazisində olub, ona görə də Elbrus dağı bizim ən yüksək zirvəmizdir. Yaxud Hindistanın şimalında Himalay dağları ərazisi tarixi türk torpağıdır. Bu səbəbdən də dünyada ən yüksək zirvə hesab edilən Everest bizimdir.

Yəni burada müzakirə etməyə dəyəcək bir məsələ belə yoxdur. Məsələ ilə bağlı irəli sürülən fikirlər erməni cəmiyyətinin, tədris planını hazırlayan şəxslərin psixoloji probleminin olmasından xəbər verir. Ölkənin ərazisindən 100 kilometr uzaqda olan yeri necə özünün ən yüksək dağı kimi göstəmək, dərsliklərə salmaq olar? O məntiqlə türk dövlətləri də Sibirdəki Yenisey çayını ən uzun çayları kimi öz coğrafiya dərsliklərinə salmalıdırlar”.


Turab Rzayev

Politoloq Paşinyanın Ermənistan cəmiyyətini reallıqla üzləşdirməyə çalışdığını söyləyib:

“Nikol Paşinyan baxır ki, bu kimi iddialar Türkiyə və Ermənistan arasındakı münasibətlərə xələl gətirir. Düşünür ki, Ağrı dağının ermənilər üçün simvollaşdırılması, terrorçulara heykəl qoyulması kimi məsələlər davam edərsə, Türkiyə ilə münasibətlər normallaşmayacaq. Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini qaydasına salmaması isə onun bir dövlət kimi varlığını sual altında qoyur. 85 milyonluq Türkiyə ilə 10 milyonluq Azərbaycan arasında 2 milyonluq Ermənistanın uzun müddət düşmən münasibətində yaşamaq şansı yoxdur. Əks təqdirdə Ermənistan dövlətçilik mövqeyini itirəcək və parçalanacaq. Paşinyan bunları öngördüyü üçün sülhə çalışır. Erməni cəmiyyətini də sərsəm iddialardan uzaqlaşdırmaq istəyir. Paşinyan bu xəstə təfəkkürlü cəmiyyətin ona qarşı çıxacağını bilir və yavaş-yavaş onları reallıqla üzləşdirməyə çalışır”.

Ayşən Mustafa
Globalinfo.az