Türkiyə DİN-ə göndərdiyi məlumatdan Müdafiə Nazirliyinə də yollayacaqmı? – Hərbi ekspertin şərhi

Son zamanlar Azərbaycan ordusunda intihar halları olur. Ötən gün ərzində iki əsgərin özünü güllələməsi sosial şəbəkələrin Azərbaycan seqmentində ciddi müzakirəyə səbəb olub. Bəzi ekspertlər hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı keçirdiyi əməliyyatın bir bənzəri də ordu daxilində keçirilməlidir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Silahlı Qüvvələrin müxtəlif strukturlarında baş verən intihar halları ictimaiyyəti daim narahat edir:

“Mən bu məsələ ilə bağlı araşdırma aparmışam və gəldiyim nəticə budur ki, baş verən intihar hallarının əksəriyyəti ailə-məişət problemləri ilə bağlıdır.

Son intihar hadisələri ilə bağlı hələlik ətraflı məlumat yoxdur. Hesab edirəm ki, araşdırma aparan orqanların rəsmi açıqlamlarını gözləməliyik. Amma hər bir halda bu məsələlər daha dərindən araşdırılmalıdır”.

Ekspert bildirib ki, ordu bölmələrinə ictimai nəzarət təşkil olunmalıdır:

“Hərbçilərin şikayətlərini dinləyəcək hərbi ombudsman aparatı yaradılmalıdır. Ölkədə uşaq, mülki ombudsman varsa, niyə hərbi ombudsman olmasın?! Mülki şəxslər orduda baş verən halları araşdırmaq imkanına malik deyillər. Bu baxımdan təyin ediləcək ombudsman mütləq hərbçi olmalıdır”.

Ə.Verdiyev orduda FETÖ əməliyyatının keçirilməsinə aydınlıq gətirib:

“Orduda FETÖ-yə bağlı şəxslərin olmasına dair bir fakt yoxdur. Lakin Tərtəri hadisələrinin baş verməsi problemlərdən xəbər verir. Hər halda bu iddia ilə bağlı yekdil bir şey demək üçün faktlar olmalı və araşdırma aparmaq lazımdır”.

Ədalət Verdiyev

Xatırladaq ki, son illər Müdafiə Nazirliyi sistemində intensiv yoxlamalar aparılıb. Bu yoxlamalar zamanı xeyli vəzifəli şəxs işdən azad edilib. Onların bir neçəsi saxlanılaraq, istintaqa təhvil verilib. Həbs olunanlar əsasən korrupsiya, rüşvət məsələsində suçlanırlar.

“Tərtər işi” ilə bağlı da saxlanılan, işdən çıxarılan hərbçilər var. Amma məhkəmədə şahid ifadələrində adları keçən yüksək rütbəli zabitlər hələ də iş başında və azadlıqdadırlar.

Turan Rzayev
Globalinfo.az