Ən çox dəstəklədiyi dövlətdən Türkiyəyə xəyanət – 88 yaşlı liderin qürubu

Fələstin Prezidenti Mahmud Abbas avqustun 12-14-də Moskvaya səfər edəcək. Onun burada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir. M.Abbasın bundan sonra avqustun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gələcəyi iddia edilir. O, Ankaranın bir qədər əvvəlki dəvətini rədd etsə də, bu dəfə razılaşmalı olub. Bununla belə iddia edilir ki, rəsmi Ramallah üzünü Ankaradan Moskvaya tərəf çevirib.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Türkiyə Fələstinə ən güclü dəstək verən ölkədir:

“Şəxsən Rəcəb Tayyib Ərdoğan dəfələrlə Fələstinlə bağlı mövqe ortaya qoyub, hər zaman bu dövlətin haqq işini müdafiə edib. Mahmud Abbasın Türkiyə parlamentində çıxışdan imtina etməsi Ankaranı incik saldı və onlar bu məsələdə haqlı idilər. Bu həm də ABŞ Konqresində çıxış edən İsrail Baş naziri Benyamin Netanyahuya veriləcək cavab olacaqdı.

Lakin Mahmud Abbas bu platformadan imtina etdi. Ümumilikdə M.Abbasın rəhbərlik etdiyi Ramallah administrasiyası Fələstin dövlətinin yaradılmasına ən böyük maneədir. Çünki onun rəhbərlik etdiyi hökumətin başdan-başa korrupsiyaya bulaşdığı haqqında söhbətlər var.

Zeynal Əmrəliyev

88 yaşlı Mahmud Abbas artıq siyasətlə aktiv məşğul ola bilmir. Bu gün Ramallahdakı Fələstin hökuməti ölü təsiri başlayır. Heç bir real gücə malik deyil. Buna görə də Türkiyə ilə münasibətlərdə də mənfiyə doğru addımların şahidi oluruq. Bu, çox təəssüfedici məqamdır.

Düşünürəm ki, Ramallahda yerləşən həmin administirasiyanın rəhbərliyi dəyişməlidir. Mahmud Abbasın yerinə həqiqətən Fələstin probleminin həllinə can yandıracaq, hər fürsəti dəyərləndirməyi bacaran gənc, çevik və dinamik şəxs keçməlidir. Bununla həm Fələstində milli barışığa nail olmaq, həm də Fələstin dövlətinin yaradılmasını tezləşdirmək mümkündür”.

Bu da sizə maraqlı ola bilər: Sabiq nazir “2020-də ordu bura girəcəkdi” dedi: aylarla gizlədilən məlumat – VİDEO

Turan Rzayev
Globalinfo.az