Orduların hərəkətlənməsi İrəvanda təşviş yaratdı – Hərbi ekspert mesaj verdi

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi başlayıb. Təlimində əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

Diqqətçəkən məqam isə təlimlərin dünyada mühüm proseslərin cərəyan etdiyi vaxtda keçirilməsidir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, hərbi təlimlər orduların normal gündəlik fəaliyyətlərinin bir hissəsidir:

“Hazırkı təlimlər ilk növbədə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin Şuşa Bəyannaməsi üzrə qəbul edilən qərarlarının ərazidə tətbiqi deməkdir. Təlimlərin əsas məqsədi iki ölkəyə qarşı olan qüvvələri, habelə Ermənistanı revanşist addımlardan çəkindirməkdir. Heç bir halda 3000-dək şəxsi heyyət 130-dan artıq zirehli vasitə, 100-ə qədər artilleriya sistemi və 20-yə yaxın aviasiya vasitəsinin cəlb olunduğu təlimləri növbətçi təlim və ya standart prosedur kimi qəbul etmək olmaz.

Ədalət Verdiyev

Təlimlər iki qardaş ölkənin Şuşa Bəyannaməsindən irəli gələn vəzifələri birgə icra etmək, orduların şəxsi heyət, peşəkarlıq bacarığını artırmaq, habelə qarşılıqlı təcrübə mübadiləsi kimi dəyərləndirilməlidir”.

Siyasi şərhçi Kənan Novruzov isə qeyd edib ki, təlimləri hansısa təhlükə ilə əlaqələndirmək doğru deyil:

“Ermənsitan KİV-i həmişə olduğu kimi, yenə də cari manevrləri qabardır, özünə təhdid kimi təqdim etməyə çalışır. Bundan söhbət gedə bilməz. Sadəcə olaraq biz Türkiyə ilə qarşılıqlı şəkildə təcrübə mübadiləsi edirik. Adətən il ərzində bir neçə dəfə bu cür məşğələlər keçirilir. Birgə hərbi təlimlərin keçirilməsi tamamilə normal olmaqla yanaşı, həm də strateji müttəfiqliyimizə, Şuşa Bəyannaməsinin ruhuna tamamilə uyğundur. Yəni biz nəyəsə hazırlaşmırıq.

Kənan Novruzov

Eyni zamanda, Azərbaycan və Türkiyəyə də hansısa hərbi təhlükə gözlənilmir. Amma əlbəttə, daim ayıq-sayıq olmalıyıq. Necə deyərlər, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Birgə hərbi təlimləri də məhz bu kontekstdən dəyərləndirmək lazımdır”.

Turan Rzayev
Globalinfo.az