Türkiyəli politoloq Taksim terrorunu şərh edir: “Kəşfiyyat diqqəti artırmalıdır” – ÖZƏL

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində İstiqlal küçəsində partlayış baş verib. Əraziyə çoxlu sayda polis göndərilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı açıqlama verib. Prezident deyib ki, ilkin məlumata görə, partlayışda 6 nəfər həlak olub, 53 nəfər yaralanıb. Partlayışı canlı bombanın həyata keçirdiyi iddia edilib.

Məsələ ilə bağlı politoloq Engin Özer Globalinfo.az-a açıqlama verib.

Onun sözlərinə görə, İstanbulun mərkəzində belə bir hadisənin baş verməsi kəşfiyyatın zəif çalışdığını deməyə əsas verir:

“İstiqlal küçəsi Türkiyənin ən yaxşı qorunmalı olduğu yerdir. Burada terror hücumu edilirsə, kəşfiyyatın başında duran səlahiyyətli şəxs bu gündən istefa verməlidir. Çünki bu, hər hansı bir məkan deyil, Türkiyənin, İstanbulun ən çox turist axını olan yerdir. Bu, ilk belə hadisə deyil. Bundan öncə də o küçədə analoji hadisələr baş vermişdi”.

Politoloq deyib ki, Türkiyə Ukraynada çox mürəkkəb konfiqurasiyanın içində yer alır:

“Türkiyə Ukrayna ordusunu dəstəkləyir, silahlarla, dron və PUA-larla təchiz edir. Digər tərəfdən, Rusiya ilə balansı qorumağa çalışır. Türkiyənin cənubunda çox ciddi YPG qruplaşması var və bununla bağlı çoxlu problemlər mövcuddur. Eyni zamanda İranla gərginliklər yaşanır. Belə bir vəziyyətdə kəşfiyyat qurumları daha çox çalışmalı, daha diqqətli olmalıdırlar. Bu, hadisə istər turizm, istərsə də insanların təhlükəsizliyinin təmin edilməsi baxımdan çox böyük gərginliklərə səbəb olacaq”.

Globalinfo.az politoloqun mövqeyini dərc etməklə yanaşı, bildirir ki, bu, bir terror olayıdır və lənətlənməlidir. İnsanlıq əleyhinə yönəlmiş belə hadisələrə heç kim haqq qazandıra bilməz. Türkiyəni dəfələrlə terror aksiyaları ilə sarsıtmağa çalışıblar. Amma hər dəfə dövlət və millət bu ağır sınaqlardan alnı açıq, üzü ağ çıxıb. Maraqlıdır ki, 2016-ci ilin iyul ayından bəri qardaş ölkədə terror olayları baş vermirdi. 15 iyul çevrilişə cəhd olaylarından keçən 6 il 4 ay müddətdə Türkiyənin düşmənlərinə bu cür aksiyalar keçirməyə imkan verilməyib. Görünür, terrorçular və onların dəstəkçiləri uyğun zaman gözləyirmişlər. İnanırıq ki, Türkiyə dövləti və xalqı bu qanlı hadisələrdən özünü itirməyəcək, yaralarını sağaldıb, bu iyrənc terror hadisəsini törədənlərə layiqli cavab verəcək. Necə ki indiyədək belə olub.

Gülnar Səlimova,
Globalinfo.az