Türk generaldan Bakıda sensasion anons – İrəvana siqnal göndərildi

Türkiyə Böyük Millət Məclisinin Müdafiə komissiyasının sədri, sabiq müdafiə naziri Hulusi Akarın Bakıya səfəri Azərbaycanda maraqla qarşılanıb və ciddi müzakirə edilir.

Sabiq nazir ARB24-ün efirində Azərbaycanla Türkiyə arasında vahid ordunun qurulacağının anonsunu verdi və bildirdi ki, bu, başqa dövlətlərə təhdid kimi qiymətləndirilməməlidir.

“Bizim heç kimi torpağında gözümüz yoxdur”, – dedi. Akarın bu açıqlamasından anlaşılır ki, Türkiyə və Azərbaycan xarici təhdidlərin qarşısını almağın yolunu orduların birləşdirilməsində, vahid hərbi gücə çevrilməkdə görürlər.

Bizim üçün məsələnin bir maraqlı tərəfi daha var: bu cür mühüm prosesdə Hulusi Akar yenə önəmli mövqedədir. İki dövlət arasında ordu məsələsi ilə bağlı danışıqlarda H.Akarı Türkiyə dövləti yenidən görəvləndirib.

H.Akar Azərbaycan xalqının sevimlisinə çevrilən bir şəxsdir. Xüsusilə İkinci Qarabağ müharibəsi dövründə onun fəaliyyəti, bəyanatları ölkəmizdə rəğbətlə qarşılanırdı. Cəmiyyət bu səmimi və prinsipial generalı özünün milli qəhrəmanı kimi sevir.

Maraqlıdır, Hulusi Akarın Azərbaycana səfəri nə ilə bağlıdır? Səfərin pərdəarxası məqamları nədən ibarətdir?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Türkiyənin sabiq Milli Müdafiə naziri Hulusi Akarın Bakıya səfəri xüsusi mesajlarla yadda qaldı:

Züriyə Qarayeva

“Türkiyəli sabiq nazir yalnız açıqlamaları ilə deyil, fəaliyyəti ilə də hər zaman ölkəmizin yanında dayanıb. Elə bu səbəbdəndir ki, xalqın Hulusi Akara böyük rəğbəti, sevgisi var.

Təxribatçı güclərə “İki dövlət, bir millət” deyimini tez-tez xatırladan Akar ölkəmizə səfər üçün də təsadüfi vaxt seçməyib. Cənubi Qafqazda yeni siyasi düzən formalaşır, qüvvələr balansı kökündən dəyişir. ABŞ və Fransanın region uğrunda mübarizəsi fiaskoya uğradı. Erməni kartı suya düşdü. İranın davam edən təhdid ritorikası bölgədə türk qüdrətinin formalaşmasına mane ola bilmədi. Bu səfərlər Ermənistan üzərindən bölgədə çirkin maraqları həyata keçirməyə çalışan qüvvələrə qarşı həm də gövdə göstərişidir.

İsraillə Azərbaycan arasında gələcək illərdə də hərbi-texniki əməkdaşlığın genişlənləndirilməsi qərarının ardınca Hulusi Akarın da Azərbaycanda iki ölkə arasında hərbi əməkdaşlıq mövzularını müzakirə etməsi dediklərimizi təsdiq edir. Akarın Bakıya gəlişi Ermənistanla sülh danışıqlarının aparıldığı, sərhəd müəyyənləşməsi ilə bağlı komissiya görüşlərinin keçirildiyi vaxta təsadüf edir. İrəvan anlamalıdır ki, Bakı ilə dialoq Ankara ilə də münasibətlərin tənzimlənməsinə paralel aparılacaq. Bu istiqamətdə Türkiyə bütün imkanları ilə qardaş ölkənin maraqlarını müdafiə edir və edəcək”.

Mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Hulusi Akar Azərbaycan xalqının sadiq dostlarındandır:

Ədalət Verdiyev

“Onun Azərbaycana daim səfəri ictimaiyyətimiz və ölkə rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanır. İndi isə o, Türkiyə parlamentinin Müdafiə komissiyasının sədri kimi ölkəmizə səfər edir.

Hulisi Akar Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov, xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Bu görüşlər çərçivəsində mümkündür ki, iki qardaş ölkə arasında əməkdaşlıq, təhlükəsizlik məsələləri, ordu quruculuğu sahəsində yeniliklər, türk ordu modelinə keçid və Azərbaycan-Ermənistan arasında mövcud olan problemli məsələləri müzakirə edib.

Digər tərəfdən isə son illər ərzində iki ölkə arasında müdafiə sənayesinin inkişafı istiqamətində bir neçə müqavilə imzalanıb. Mümkündür ki, bu görüşlərdə həm də bu müqavilələrin fəaliyyəti müzakirə edilib. 2024-cü il ərzində iki ölkə arasında nəzərdə tutulan ikitərəfi hərbi təlimlər də görüş zamanı müzakirə olunub.

Hörməti Hulusi Akar Türkiyənin Azərbaycan ilə bağlı mövqeyini bir daha ortaya qoydu. Ermənistana açıq siqnal göndərdi ki, iki ölkə münasibətlərinin normallaşması üçün İrəvən Bakı ilə münasibətləri normallaşdırmalıdır”.

Turan Rzayev
Globalinfo.az