Türk düşməni getdi, türk dostu gəldi: Menendezi o əvəz edəcək

“Menendezin ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılacağı gözlənilirdi. Belə ki, onun barəsində uzun müddətdir ki, korrupsiya ittihamı səslənirdi. Hətta senatorun evinə baxış zamanı 500 min dollardan çox nağd pul, dəbdəbəli avtomobillər və qızıl külçələr aşkar edilmişdi”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsinə Robert Menendezdən sonra Ben Kardinin gətirilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Menendez qatı türk əleyhdarı, erməni lobbisinin ən böyük dəstəkçilərindən idi:

Qabil Hüseynli

“Bu mənada onun vəzifədən getməsi erməni lobbisi üçün ciddi zərbə Türkiyə və Azərbaycan üçün müsbət hadisədir. Menendez vəzifəsindən istifadə edərək Azərbaycana səfir təyinatının qarşısını alırdı. Türkiyəyə isə F-16-ların satışında problemlər yaradırdı.

Ondan fərqli olaraq Ben Kardinin Türkiyəyə və Azərbaycana baxışı daha loyaldır. Kardi ötən il Türkiyə ilə bağlı verdiyi açıqlamada onun Menendezdən fərqli oduğunu deməyə əsas verir.

Kardinin Azərbaycana səfir təyinatı məsələsini də həll edəcəyini gözləyirəm. Çünki bu məsələ həm də Prezident Co Baydeni narahat edir. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri kimi Ben Kardinin ABŞ-ın xarici siyasətində dəyişiklik etməsi mümkündür”.

Turan Rzayev
Globalinfo.az