Qarabağ zəfəri Türk dünyasında yeni mərhələ başlatdı

“Noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçiriləcək 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstana səfərə gəlib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, son illər türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi müşahidə olunur:

“Hazırda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əhalisi 173 milyon nəfərdən çoxdur. Üzv dövlətlərdə ÜDM-in həcmi 1.5 trilyon ABŞ dollar, ticarət dövriyyəsi isə 1.2 trilyon ABŞ dollardan artıqdır. Türk dövlətləri dünya əhalisinin 2,2 faizini, ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ÜDM-in 1,6 faizini təşkil edir.

2022-ci ildə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70.0 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib. Ötən il Azərbaycanın bütün türk dövlətləri ilə ticarət dövriyyəsində artım qeydə alınıb. Qazaxıstanla dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib. Türkmənistanla dövriyyədə 5.1 dəfə artım qeydə alınıb. Ticarət dövriyyəmiz ötən il 105 milyon 23 min dollardan 535 milyon 397 min dollar çatıb.

Vüqar Bayramov

Özbəkistanla ticarətdəki 64.0 faizlik artım birgə dövriyyəmizi 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Mərkəzi Asiyanın digər türk dövləti olan Qırğızıstanla da ticarət dövriyyəmizdə artım qeydə alınıb. İki dövlət arasındakı dövriyyə ötən il 17.0 faiz artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib.

Qardaş Türkiyə ilə dövriyyəmiz ötən il 6.0 milyard dollara yaxınlaşıb. 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi ötən il 5 milyard 842 milyon dollaradək yüksəlib.

Ticarət dövriyyəsinin böyüməsini birbaşa türk dövlətləri arasındakı münasibətlərin xüsusən son 2 ildə dərinləşməsi ilə bağlıdır. Azərbaycanın əldə etdiyi zəfərdən sonra türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir”.

Turan Rzayev
Globalinfo.az