Kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində Azərbaycanın aparıcı banklarından biri olan “TuranBank” ASC Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu tərəfindən idarə edilən fondlarla yeni kredit müqavilələri imzalayıb.
Globalinfo.az bildirir ki, müqavilələrə əsasən, bank 3 il müddətinə “Incofin Climate-Smart Microfinance Fund” (CSMF) fondundan 1.25 milyon ABŞ dolları, “Incofin Microfinance Fund” (IMFI) fondundan isə 2 milyon avro ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib. Bu vəsaitlər kiçik və orta biznesin, xüsusilə ekoloji cəhətdən dayanıqlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
Bu addım regionlarda fəaliyyət göstərən sahibkarların yerli valyutada maliyyə resurslarına çıxışını daha da genişləndirəcək və onları məzənnə risklərindən qoruyacaq.
Qeyd edək ki, sözügedən investisiya “TuranBank”ın ölkəmizin dayanıqlı iqtisadi inkişaf strategiyasına dəstək istiqamətində atdığı növbəti uğurlu addımıdır.
Incofin İnvestisiya Fondu haqqında:
Incofin İnvestisiya Fondu inklüziv maliyyə, dayanıqlı qida və təmiz su sahələrində fəaliyyət göstərən müəssisələri dəstəkləyən aparıcı təsir investisiya fondunun meneceridir. 1 milyard ABŞ dollarından çox idarə olunan aktivlərə malik olan Incofin, Belçika, Kolumbiya, Keniya və Hindistanda fəaliyyət göstərən 90-dan çox peşəkardan ibarət təcrübəli komandaya sahibdir. Yarandığı gündən etibarən Incofin 5 milyard ABŞ dollarından artıq həcmdə borc və kapital investisiyaları həyata keçirərək 50-dən çox inkişaf etməkdə olan və sərhəd bazarında sahibkarların inkişafını dəstəkləyib. Maliyyə təcrübəsini ölçülə bilən sosial və ekoloji təsirlə birləşdirən Incofin, ən çox ehtiyac duyulan regionlarda dayanıqlı iqtisadi inkişafın təşviqinə və uzunmüddətli müsbət təsirin yaradılmasına töhfə verir.
Daha ətraflı məlumat üçün: www.incofin.com
“TuranBank” ASC haqqında:
“TuranBank” 1992-ci ildə təsis edilib və Azərbaycanın ən etibarlı maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Bank öz müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşiddə maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət məntəqəsi ilə fəaliyyət göstərən “TuranBank” 34 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib, şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilib.
Daha ətraflı məlumat üçün: www.turanbank.az
“TuranBank”
Bizimlə etibarlıdır…