Tural Abbaslının partiyası qeydiyyata alındı

Ədliyyə Nazirliyi AĞ Partiyanın yenidən təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə partiyanın Mərkəzi Aparatının sədri məlumat yayıb.

Bildirilir ki, Nazirlik siyahıları təsdiq edib və partiyanı dövlət qeydiyyatına alıb. Bundan əvvəl Tural Abbaslının rəhbərlik etdiyi partiyanın Ədliyyə Nazirliyinə təqdim etdiyi üzvlük siyahılarında çatışmazlıqlar aşkar edilmişdi.

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.