Tural Abbaslı Yaqub Eyyubovu görün kimlə müqayisə etdi

Haqqında tez-tez “işdən çıxarılacaq” xəbəri yayılan Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun hələ də vəzifədə qalması sosial şəbəkələrdə müzakirələrə səbəb olur.

Maraqlıdır, Y.Eyyubov hansı özəlliyinə görə 78 yaşında birinci vitse-premyer vəzifəsində qalır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, bunun cavabını dövlət verə bilər və Y.Eyyubovu hansı kriteriyalarına görə bu yaşa kimi saxlamasını onlar deyə bilərlər:

“Hər halda düşünürəm ki, yeni kadrların gəlişi daha məqbuldur. Çünki vəzifəyə müasir dünyadan xəbəri, çağırışlardan məlumatı olan insanlar lazımdır. Amma qeyd edək ki, Azərbaycanda əvvəl daha yaşlı kadrlar idi. Son dönəmlər xeyli gəncləşdirmə siyasəti yürüdüldü. Elə başda Artur Rasizadə olmaqla digərləri də işdən azad olundu. İndi nisbətən gənc kadrlar gəlib. Həmin gənclərin nəyi bacarıb-bacarmaması ayrı məsələdir”.

T.Abbaslı deyib ki, Yaqub Eyyubov və digər şəxslər haqda nəsə deyən zaman, onlara qarşı qərəz olduğu düşünülür:

“Fikrimcə, o yaşa çatmış insanlar könüllü olaraq istefa verməlidirlər. İstirahət etməli, sağlamlıqlarına, ailəsinə, nəvə-nəticəsinə vaxt ayırmalı, həm də yeni kadrların qarşısını açmalıdırlar.

Amma son söz bizim deyil, iqtidarındır. Bizə ABŞ prezidenti Co Baydeni, Amerikanın sabiq dövlət başçısı Trampı da nümunə göstərə bilərlər. Deyərlər, baxın, Amerika dünyanın bir nömrəli ölkəsidir, oranı idarə edən Baydenin 83 yaşı var. Lakin hesab edirəm ki, nə qədər gənc kadr olsa, o qədər yaxşıdır”.

Zaira Akifqızı
Globalinfo.az