Tural Abbaslı və İqbal Ağazadə Naxçıvandakı prosesləri şərh edirlər: “Nələr olacağını bilmirik”

“Bizim hələlik “Vasif Talıbov dönəmi bitdi” – deməyə əsasımız yoxdu, çünki o hələ də faktiki Naxçıvana rəhbərlik edir və oranı idarə edən komanda da onun təyinatı üzrə formalaşıb”.

Bu sözləri AĞ Partiyanın sədri Tural Abbaslı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirməsini Globalinfo.az-a şərh edərkən deyib.

Partiya sədri qeyd edib ki, hələlik DTX və digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasında olan nazirlik və komitələrdə yoxlanışlar aparırlar və əldə edilən nəticəyə uyğun olaraq da addımlar atılır:

 

“Bir müddət öncə Naxçıvan Muxtar Respublikasının status məsələsi müzakirəyə çıxarıldı. Sonra Vasif Talıbovun YAP-ın 30 illik yubileyində iştirakı ilə bağlı müəmmalar ortaya çıxdı. Daha bir gün sonra oğlunun Dövlət Miqrasiya Xidmətində işdən çıxarıldığı barədə məlumatlar yayıldı. Düşünmürəm ki, bu, təsadüfdür. Bunlar onu deməyə əsas verir ki, mərkəzi hakimiyyət Naxçıvanı birmənalı olaraq tam Bakının nəzarətinə qaytarmaq istəyir və qaytaracaq da. Mümkündür ki, gələn il konstitusiyaya dəyişiklikləri ilə bağlı referendum keçirilsin. Oradakı maddələrdən biri də Naxçıvanın statusunun dəyişdirilməsi və ya ləğvi ola bilər.

Çox böyük ehtimalla Naxçıvanda rəhbərlik dəyişikliyi olacaq və mərkəzə tabe ediləcək. Sual oluna bilər ki, bəs indi tabe deyilmi? Naxçıvanla bağlı indiyədək iqtidar ən azından cəmiyyətə sızan heç bir problem yaşamayıb. Amma hər halda bu qədər araşdırma və yoxlamalar, informasiyalar çıxırsa, demək, ortalıqda nəsə var. Amma bir qədər səbir etməliyik, ondan sonra daha konkret fikirlər bildirmək olar”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirib ki, bu əməliyyat hələ ki, Naxçıvanın yalnız gömrük strukturunda keçirilib və sonrakı mərhələdə nələr olacağını bilmirik:

“Rüşvətə gəldikdə, Naxçıvan da Azərbaycanın bir hissəsidir. Azərbaycan gömrüyündə olduğu kimi Naxçıvanda da bu halların olması dırnaqrası normal hesab oluna bilər. Naxçıvanda əməliyyat keçirilməsinə fərqli yöndə yanaşmağın tərəfdarı deyiləm, çünki ora da Azərbaycanın bir parçasıdır, sadəcə muxtar vilayətdir. Baş verən hadisələrin inkişafına adekvat olaraq fikir bildiriləcək. Fikrimcə, Naxçıvan bir az fərqli və toxunulmaz kimi görünür. Amma siyasi cəhətdən Naxçıvan da Azərbaycanın digər rayonlarından biridir və məsələyə bu cür yanaşmaq lazımdır”.

Qeyd edək ki, son günlər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirməsi barədə mətbuatda yayılan məlumat ölkə gündəmini zəbt edib.

Məlumata görə, Naxçıvan MR-in sərhəd gömrük məntəqələrində istintaq hərəkətləri aparılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin olduğu bildirilir. Dövlət Təhlükəsizlik Xidmətində Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.

Gülnar Səlimova
Globalinfo.az