Tural Abbaslı Vahid Əhmədova belə cavab verdi

Deputat Vahid Əhmədovun bloger Mehman Hüseynova videomüsahibəsi müxtəlif aspektlərdən müzakirə olunur. Onun fikirləri Milli Məclisin aprelin 25-də keçirilən iclasında da sərt şəkildə tənqid edilib. Bəzi deputatlar V.Əhmədova müraciət edərək “mandatı qoy, çıx get” deyiblər. V.Əhmədovun müsahibədə səsləndirdiyi bir fikir də xüsusi diqqət çəkib. Deputat ölkədəki siyasi partiyalar haqda danışarkən deyib ki, seçkilərdə müxalifət partiyalarından AXCP və Müsavat xalqdan səs ala bilər. O cümlədən Fazil Mustafanın və Qüdrət Həsənquliyevin sədr olduqları partiyaların da seçkilərdə qələbə qazana biləcəyini söyləyib. Bəs digər partiyalar deputatın bu şərhinə necə yanaşır?

Globalinfo.az AĞ Partiya başqanı Tural Abbaslının fikirlərini öyrənib.

Partiya sədri bildirib ki, hansısa deputatın onların partiyasını qiymətləndirməsi önəmli deyil:

“Əsas odur xalq AĞ Partiyanın gücünü bilir. Adı çəkilən və çəkilməyən partiyalarla yanaşı, bizim də partiyamızın çəkisi məlumdur. Əsla narahat deyilik. Ola bilər Vahid müəllim Kütləvi İnformasiya Vasitələrini (KİV) izləmir. Hər halda bu, onun fikridir, özü bilər. Düzü, heç fərqinə varmamışıq ki, nə deyib, nə deməyib. Bizim üçün göstərici o deyil, xalqın, insanların, sadə vətəndaşların reaksiyasıdır. Bütün reytinq sorğularında AĞ Partiya ilk yerlərdədir. Bizim bununla bağlı problemimiz yoxdur. Vahid bəy necə və nə istəyir, düşünə bilər”.

Zaira Akifqızı
Globalinfo.az