Tural Abbaslı son qərarını verdi: “İstəmirik!”

İndiyə kimi 11 partiyanın fəaliyyətinə rəsmi xitam verilib. Heç bir üzvü olmayan, sadəcə kağız üzərində mövcud olan partiyaların qeydiyyatı ləğv edilir. Proses həm də onu deməyə əsas verir ki, dövlət siyasi palitranı yeniləyir.

Qarşıdan daha bir proses gəlir. Söhbət siyasi partiyaların 5 min üzvlə yenidən qeydiyyatdan keçməsindən gedir. Aydın məsələdir ki, bu rəqəmi əksər partiya toplaya bilməyəcək.
Bu isə öz növbəsində yenidən partiyaların birləşməsi məsələsini aktuallaşdırır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, “Siyasi partiyalar” haqqında Qanun müzakirə ediləndə öz təklif və iradlarını bildiriblər:

“Hətta qanun layihəsindəki bəzi konkret bəndlərə etiraz etmişdik. Həmin vaxt bir çoxları düşündü ki, bizim iradlarımız AĞ Partiyanın maraqları ilə bağlıdır. Əslində isə bu iradları biz ümumi siyasi mühiti və partiyaların gələcəyini düşünərək edirdik. Hər halda bu gün qanun qəbul edilib və qüvvədədir.

Təklif etmişik ki, qanuna yenidən baxılmalıdır, düzəlişə ehtiyac var. Hətta deyə bilərəm ki, bəzi məsələlər var ki, qətiyyən nəzərə alınmayıb.
Partiyaların özünü buraxmasına gəldikdə isə hesab edirəm, bu, normaldır. Yəni bütün siyasi partiyaların belə bir hüququ var. Bəzi partiyalar düşünür ki, hazırkı siyasi reallıqlar fonunda siyasi fəaliyyət göstərmək mümkün deyil. Bəzi partiyalar isə sırf ideoloji və siyasi missiyasının başa çatdığını düşünərək bu qərarı verir.”

T.Abbaslı deyib ki, hazırda fəaliyyət göstərən partiyaların fəaliyyətini davam edib-etməyəcəyi sual altındadır:

“Deyə bilərəm ki, AĞ Partiyanın belə bir problemi yoxdur. AĞ Partiya bu gün ən güclü partiyadır. Onsuz da bu gün neçə partiyanın ayaqda qalacağı, fəaliyyətini davam etdirəcəyi deyil, siyasi mühitin, şəraitin necə olacağı önəmlidir. Yəni az partiya olsa da əsas bu partiyalara azad siyasi fəaliyyət göstərməsi üçün şəraitin yaradılmasıdır.

Partiyaların birləşməsinə gəldikdə isə hazırda bu haqda bir məlumat yoxdur. Biz AĞ Partiya olaraq birmənalı şəkildə açıqlamışıq ki, heç bir partiya ilə birləşmək istəmədiyimiz kimi, heç bir partiyanın bizə birləşməsini də istəmirik”.

Turan Rzayev
Globalinfo.az