Tural Abbaslıdan Siyavuş Novruzova məsləhət : “Bədxərclik etmə”

Milli Məclisin deputatı Siyavuş Novruzovun maaşının ay sonuna çatmadığını, kreditdən istifadə etdiyini deməsi birmənalı qarşılanmayıb. S.Novruzovun ombudsman vəzifəsində işləyən xanımı ilə özünün maaşını hesabladıqda ortaya kifayət qədər böyük məbləğ çıxır. Sirr deyil ki, deputatların maaşı yüksəkdir. Omdusman da yüksək məbləğli maaşı olan vəzifədir.

O zaman S.Novruzova bu qədər vəsait niyə çatmır? Bir ailənin normal yaşaması, ehtiyaclarını qarşılaya bilməsi üçün nə qədər vəsait lazımdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiya sədri Tural Abbaslı deyib ki, azərbaycanlı ailənin normal dolanışığı üçün deputat maaşının üçdəbir hissəsi kifayət edir. Partiya sədri bildirib ki, həmin məbləğə çox yaxşı yaşamaq mümkündür:

“Deputatların maaşların yetərincə olmadığını demələri gülünc səslənir. Çünki onların maaşı kifayət qədərdir. 6-7 min manat necə az ola bilər? Bir ailəyə əgər orta hesabla 2-3 min manat civarında məvacib daxil olarsa, o ailə normal yaşayışını tənzimləmiş olar. Siyavuş bəyin mövqeyi bir az səmimi gəlmədi”.

T.Abbaslının sözlərinə görə, deputatın kreditdən mülki əşya üçün istifadə etməsi mümkündür:

“Adam kreditlə əlavə ev, oğlu üçün yeni avtomobil ala bilər. Hə, bu zaman kreditdən istifadə etməsi inandırıcıdır. Hələ nəzərə alsaq ki, millət vəkilinin xanımı da yaxşı maaş alır, bu baxımdan inandırıcı gəlmir. Siyavuş bəyə məsləhət görürəm ki, bədxərclik etməsin”.

Qeyd edək ki, deputat Siyavuş Novruzov Ombudsman Səbinə Əliyeva ilə evlidir.

Xatırladaq ki, deputatların minimum maaşı 3550 manat, ombudsmanın isə 3060 manatdır. Bu isə o deməkdir ki, ailənin minimum aylıq gəliri 6610 manat civarındadır.

Zaira Akifqızı
Globalinfo.az