Tural Abbaslı Rəşad Dağlıdan danışdı: “Ölüm hökmü bərpa olunmalıdır”

Meyxanaçı Rəşad Dağlıya cəmiyyətimiz tərəfindən olan dəstək daha çox hüquqi yox, emosional dəstəkdir. Çünki insanların onun özünə, sənətinə böyük hörməti var. Bu həm də insanların qurban olmuş tərəfin yaşam tərzi və fəaliyyətinə olan etirazlarıdır.

Bu sözləri Globalinfo.az-a açıqlamasında AĞ partiyanın sədri Tural Abbaslı cəmiyyətin müəyyən qisminin ötən gün qətl törədən meyxanaçı Rəşad Dağlıya dəstək olması haqda danışarkən deyib.

O bildirib ki, insanların meyxanaçıya dəstək olmasının əsas səbəbi ölən şəxsin narkotacir olmasıdır:

“Amma dövlət emosiyalarla deyil, qanunla idarə olunur. Qanunda yaxşı və ya pis anlayışı olmur. Biz də hesab edirik ki, Rəşadın fəaliyyəti, övladlarının azyaşlı olması, könüllü təslim olması, qarşı tərəfin onu bu cinayətə sövq etməsi məhkəmə zamanı yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Hər halda vəkillər bu məsələdə əllərindən gələni edəcəklər”.

T.Abbaslı ictimai rəyin və xalqın sona qədər Rəşadın yanında olacağına əmin olduğunu deyib:

“Xalq narkomaniyadan, narkotacirlərdən o qədər bezib ki, hətta qətl hadisəsini də müsbət dəyərləndirir. Əslində, biz narkomaniya ilə mübarizə aparmalıyıq. Bir narkotacir yüzlərlə insanı, ailəni bədbəxt edir. Bunları analiz etmək lazımdır”.

T.Abbaslı AĞ partiyanın müəyyən hallarda ölüm hökmünün bərpasının tərəfdarı olduğunu deyib:

“Ədalətli məhkəmə olan yerdə biz ölüm hökmünün bərpasının tərəfdarıyıq. Narkotik satışı ilə məşğul olan insanların cəzası ölüm hökmü olmalıdır! Əgər narkotik məktəblərə qədər gedib çatıbsa, bu, birbaşa dövlətin, xalqın gələcəyinə vurulan zərbədir. Buna adi yanaşmaq olmaz. Ona görə də narkotacirlər üçün ölüm hökmü bərpa olunmalıdır. Xalqın  reaksiyası da bunu deməyə əsas verir”.

Zaira Akifqızı, Globalinfo.az