Tural Abbaslı qərarını açıqladı

AĞ Partiyanın sədri Tural Abbaslının deputat olacağına dair məlumat yayılıb.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan partiya sədri xəbəri təsdiq edib.

O, deputatlığa namizəd olacağını bildirib:

“Tək mən yox, ümumiyyətlə, AĞ Partiya olaraq gözlənilən növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətindəyik. Artıq dairələr üzrə namizədlərin müəyyənləşməsi prosesi gedir. Eyni zamanda həm imza toplama kampaniyasını aparacaq insanların, təbliğat və təşviqat işlərinə cəlb olunacaq şəxslərin aydınlaşdırılması, siyahıların dəqiqləşdirilməsi üzrə çalışırıq. Namizəd qismində daha çox dairələri əhatə etməyi düşünürük”.

T.Abbaslı 125 dairədən daha çoxunu əhatə etməyi planlaşdırdıqlarını deyib:

“Yəqin ki, mən özüm namizədliyimi 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən irəli sürəcəm. Hələlik partiya daxilində, strukturlarda proseslər gedir, partiyanın seçki qərargahı yaradılıb və fəaliyyət göstərir. Biz də bu yöndə hazırlaşırıq. Bilirsiniz, seçkilər təqvimə bağlı məsələdir. Seçki günü bəlli olduqdan sonra atılacaq addımlar da ona uyğun planlaşdırılacaq. Dəqiq tarixi gözləyirik. Təbii ki, ölkədəki siyasi-ictimai vəziyyət, insanların seçkiyə etibarı, inamsızlığı, partiyaların maddi-texniki bazasının zəifliyi və bu kimi məsələlər bizə problemlər yaradır. Lakin əlimizdən gələni edəcəyik. Əminəm ki, Azərbaycanda əsas partiyalardan bəlkə də, elə birincisi olacağıq”.

Zaira Akifqızı
Globalinfo.az