Tural Abbaslı İranın buradakı təsirini azaltmağın üç yolunu göstərdi – “Bunları etsək…”

Ramazan bayramı ilə bağlı son yaşananlar İranın Azərbaycanda təsirinin hələ də qaldığını göstərmiş oldu. Təəssüf ki, əksəriyyət vatsap qruplarında, sosial şəbəkələrdə “şiələrin bayramı aprelin 22-dir” deyib təbliğat aparanların təsiri altına düşdü.

İranın Azərbaycana təsirini necə minimuma salmaq olar? Tehranın burada danışan dillərini necə susdurmaq olar? Gəzən ayaqlarını, uzanan qollarını hansı formada “kəsmək” mümkündür?

Düzdür, son aylar Daxili İşlər Nazirliyi (DİN), Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İran agenturasına qarşı əməliyyatlar keçirir. Bu əməliyyatlar casus, agent setini xeyli zəiflədib. Amma və lakin hələ də ictimai rəyə təsir imkanları qalmaqdadır. Xüsusilə də inanclı kəsim arasında. Çünki Azərbaycan dindarları şiə olduğu üçün İran bundan sui-istifadə edib, istədiyini həyata keçirə bilir.

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, İran Azərbaycanın ən uzun sərhədlərinə malik olan qonşu ölkələrindən biridir. Partiya sədri bildirib ki, İranla Azərbaycanı bağlayan cəhətlər çoxdur:

“Əsas faktor 40 milyona yaxın azərbaycanlının orada yaşamasıdır. Təbii ki, İran-fars rejimi də bundan istifadə edir. İnsanlarımızın saflığından, inancından, imanından istifadə edərək, fars rejiminin təbliğatını aparır. Əgər İranın Azərbaycana təsirlərini azaltmaq istəyiriksə, ilk növbədə Azərbaycan öz inanclı insanlarını İrandan asılı vəziyyətə salmamalıdır”.

T.Abbaslı bildirib ki, Azərbaycan dini sahə üzrə özünün savadlı və statuslu insanını yetişdirməlidir:

“Alim, din xadimi yetişdirilməlidir ki, şiə məzhəbinə mənsub azərbaycanlılar rəhbər kimi İranda oturan kimlərəsə baxmasınlar, özümüzün yerli alimlərimizə istinad etsinlər, onlara tabe olsunlar. İran bu boşluğu doldurmağımıza imkan vermir. Bu baxımdan da istər-istəməz Azərbaycan inanclıları özlərini İrana bağlı hesab edirlər. Dediyim kimi – farslar da bundan istifadə edir”.

T.Abbaslı deyib ki, İran bir çox fəaliyyətini din pərdəsi adı altında həyata keçirir:

“Bütün dünya müsəlmanlarının 90 faizi bayramı aprelin 21-də qeyd edib, amma İran bu gen qeyd edir. Niyə? Çünki fərqlənsin, ayrı-seçkilik olsun deyə. Bununla guya nüfuz dairəsini genişləndirir. Amma Azərbaycanda bu gün bayram edənlərin hamısının İranla bağlı olduğunu deyə bilmərik. Sadəcə, o insanlara elə gəlir ki, İranın dedikləri dinə aiddir. Biz İrandan qurtulmaq istəyiriksə, ilk növbədə yerli inanclı insanlarımızı, milli din xadimlərimizi yetişdirməliyik ki, insanlarımız da bura bağlı olsun, gözləri başqa mərkəzlərə baxmasın.

Digər tərəfdən də səhiyyə məsələsi var. İrana gediş-gəlişin azalması üçün tibb sahəsini inkişaf etdirmək lazımdır. Bundan başqa isə normal bazar iqtisadiyyatımız olmalıdır ki, cənub bölgəmiz İrandan asılı vəziyyətə düşməsin. Amma ilk növbədə mütləq dini müstəqilliyin əldə olunması istiqamətində addımlar atılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az