Tural Abbaslı: “3 min 400 nəfərlə bağlı araşdırmaya başlayacağıq”

Ədliyyə Nazirliyinin partiyaların üzv siyahıları ilə bağlı yoxlama nəticələri bu yöndə müzakirələri gücləndirib. Üzv siyahısı təqdim edəm 27 partiya arasında REAL, Azərbaycan Xalq Cəbhəsi (AXCP) kimi partiyalar da daxil olmaqla əksəriyyəti nəticələrdən narazı olduqlarını, ədalətli yoxlamanın olmadığını bildirilər. Onların təqdim etdiyi siyahıda çox sayda qüsurların aşkarlandığı, adı qeyd edilən şəxslərin bir qisminin ümumiyyətlə həmin partiyanın üzv olmadığı, yaxud artıq vəfat etmiş olduğu qeyd edilib.

Narazılıqların artığı bir zamanda AĞ Partiyanın nazirliyin cavab məktubu ilə bağlı açıqlaması xüsusi diqqət çəkib. Belə ki, partiyanın rəsmi təsdiqlənən üzv sayı digərlərindən təxminən 1,5- 2 dəfə çoxdur. Tələb olunan 4 500 say həddinin tamamlanmasına çox az qalıb.

Bəs partiya rəhbərliyi yoxlamanın nəticəsini necə dəyərləndirir? Nəticələrə münasibət digər partiyalarla eynidirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiyanın başqanı Tural Abbaslı yoxlamanın nəticələrini dəyərləndirib:

“Təxminən iyulun 4-ü, ya da 5-i sənədlərimizi, 10 001 üzv sayını nazirliyə təqdim etmişdik. Artıq ayın 26-sı Ədliyyə Nazirliyindən bizə cavab göndərildi. Cavab məktubuna bir də qoşma sənədi əlavə edilmişdi, burada siyahıdakı şəxslərin adları və onların partiyaya üzvlüyünü yoxlamaların nəticələri təqdim olunub. Deyərdim ki, AĞ Partiyanın nəticəsi bu günə kimi yoxlanılan digər partiyaların nəticələrindən ən azı iki dəfə çoxdur. Partiyamızın nazirlik tərəfindən rəsmi təsdiq olunan üzv sayı 4 435-dir. Biz öz siyahımıza arxayınıq. Cavab məktubunun gəldiyi gün nəticələri yenidən araşdırdıq. Hesab edirəm ki, burada müəyyən texniki səhvlərə yol verilmiş ola bilər. Məsələn, bəzi adlarda hərf səhvləri vardı. Təbii ki, bu, nazirliyin bütün siyahını tamamilə dəqiq və düzgün nəzərdən keçirildiyi mənasına gəlmir. Nəzərə alaq ki, minlərlə insanın məlumatları yoxlanılır. Amma əminəm ki, Ağ Partiyanın təsdiq etdiyi siyahıda hazırda rəsmiləşən 4 435 nəfərdən iki qat çox təsdiqlənməli üzv sayı var. Partiyamızın işçi qrupu ilə Ədliyyə Nazirliyi ilə birlikdə müəyyən dəqiqləşmələr aparacağıq”.

T.Abbaslı üzv olduğunu deyən bəzi şəxslərin cavablarının təsdiqlənmədiyini bildirib:

“Qanunla partiyalar siyahını təqdim etdikdən sonra cavab aldıqları gündən sonra 1 ay müddətinə müəyyən düzəlişlər edərək yenidən Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Bizdə haradasa 3 min 400 nəfərin adı reyestrdə tapılmayıb, onun səbəblərini araşdıracağıq. Həmçinin bizə verilən sənədə əsasən Ağ Partiyanın üzvü olmadığını qeyd edən 1 400 şəxs var. Onlarla bağlı araşdırma aparmışıq, əksəriyyəti partiyanın üzvü olduqlarını qeyd etdiklərini bildirir. Təxminən 3-4 min, hətta daha çox üzv sayı nazirlik tərəfindən təsdiq ediləcək.

Bu nəticələr mənim fikrimi bir daha təsdiq etdi. AĞ Partiya Yeni Azərbaycan Partiyasından sonra (YAP) ölkəmizdə ən böyük və kütləvi partiyadır”.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin son məlumatında “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində bir sıra qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və sair müəyyən olunduğu bildirilib.

Ayşən Mustafa
Globalinfo.az