“Tünzalə Ağayeva necə geyinmək lazım olduğunu bilmir” – Modelyer: “Özlərini ortaya qoyublar”

Xalq artisti Tünzalə Ağayevanın açıq-saçıq geyimləri birmənalı qarşılanmır. Xanım müğənni geyimlərinə görə vaxtaşırı tənqid olunur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan modelyer Şəlalə Maqsudova deyib ki, T.Ağayevanın geyindiyi açıq geyimlər məclis üçün deyil.

O, elə geyimdə olan müğənniləri övladının toyuna dəvət etmək istəmədiyini bildirib:

“Əgər övladıma toy edirəmsə, orada elit təbəqələr, hörmətli şəxsləri çağırmış oluram. Heç vaxt istəmərəm ki, toyumuza gələn müğənni belə vücudla, geyimlə gəlib qonaqlarımın qarşısında çıxış eləsin. Bu o demək deyil ki, geridəqalmışam. Özüm dizayner olaraq hər tərzdə geyimlər hazırlayıram. Amma valideyn olaraq, övladlarımın toyuna çağırdığım müğənnilərin bu “viddə” gəlməsinə qəti imkan vermərəm. Açıq-saçıqlığa qarşı deyiləm, lakin əndazədən çıxılmamalıdır”.

Modelyer deyib ki, ümumiyyətlə, Tünzalə Ağayeva səhnədə, konsertdə və ya salonda necə geyinmək lazım olduğunu bilmir:

“Geyinsin, amma öz konsert çıxışlarında. Çünki orada izləyici ilə məsafə olur. Həm də konsert geyimi ilə ailə məclisinin geyimi başqadır axı. Çox istərdim ki, bizim müğənnilərimiz toy və ya konsert səhnələrində, klip çəkilişlərində geyimlərini bilsinlər. Bunlar hamısı fərqlidir”.

Müsahibimizin sözlərinə görə, müğənnilər öz sənətləri əvəzinə, başqa şeylərlə yadda qalmağa çalışırlar:

“Biri soyunmaqla, biri gülməli geyimlərlə ( Elza Seyidcahanı nəzərdə tutur), bəziləri qalmaqal yaratmaqla gündəmdə qalmaq istəyirlər. Bəzi müğənnilər bədəninin müxtəlif yerlərini nümayiş etdirmək əvəzinə, sənətlərini göstərsələr daha yaxşı olar.

Müğənnilərin nə səsinə, nə sənətinə iradım var. Çox istərdim ki, onlar gözəl ifaları ilə gündəmdə qalsınlar. Bilmirəm, qəsdlə edirlər, insanlar bunlar haqqında danışsınlar? Belə düşünürəm ki, yəqin onların musiqi bəstələmək, ifa etmək potensialları yoxdur. Ona görə də bilmirlər necə gündəmə gəlsinlər, nəticədə məcbur qalıb soyunmağa əl atırlar, özlərini belə geyimlərlə ortalığa qoyurlar”.

Ş.Maqsudova əməliyyat masasına uzanan ifaçılar haqqında da fikirlərini bölüşüb:

“Hazırda müğənnilərin əksəriyyəti bədənini yığdırır, qarnını kəsdirir, qarın nahiyəsində “paxlava”lar yaradır, bədənlərini şişirdir, daha sonra da əməliyyatlı vücudlarını insanlara göstərmək üçün soyunurlar. Amma soyunmaq lazım deyil! Bədənin gözəlliyini bağlı geyim altında da təqdim etmək olar”.

Zaira Akifqızı
Globalinfo.az