Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Moskvada olacaq. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus da bu məlumatı təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, Uitkoffun səfəri ilə bağlı “Telegraf” nəşri məqalə yayımlayıb.
Məqalədə bildirilir ki, onun səriştəsinə dair müəyyən şübhələr olsa da, əsas vəzifəsi ABŞ-ın Rusiyaya qarşı yaxın vaxtlarda Donald Tramp tərəfindən tətbiq olunacağı gözlənilən yeni sanksiyalara cavab olaraq eskalasiyanın yolverilməzliyi barədə mesajı çatdırmaq olacaq.
Qeyd edilib ki, Uitkoff bu il artıq Moskvada olub və səfərdən sonra Rusiya liderini tərifləyərək, “Mən Putini pis insan hesab etmirəm. O, çox ağıllıdır”, – demişdi.
“Ümid qalır ki, Uitkoffun Putinin niyyətlərinə qarşı sadəlövhlüyü bu həftə Trampın mesajını Moskvaya çatdırmasına mane olmayacaq”, – vurğulanıb.
Qeyd edək ki, TASS xəbər agentliyi mənbələrə istinadən göyərtəsində Uitkoffun olduğu güman edilən təyyarənin artıq Rusiyaya doğru yola düşdüyü barədə məlumat yayıb.