01KPQYZ1S4HDWS51PE69ZD55CA medium

İran nümayəndə heyəti aprelin 22-də İslamabadda ABŞ ilə keçiriləcək danışıqlarda iştirak etməyəcəyini açıqlayıb. Tehran görüşün vaxt itkisi olacağını düşünür, çünki Vaşinqtonun hər hansı ağlabatan razılaşmanın əldə edilməsinə mane olduğunu bildirir.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp Pakistan rəhbərliyinin müraciətindən sonra İranla atəşkəs rejiminin uzadılması barədə qərar qəbul edildiyini deyib. Görünür, tərəflərdən heç biri müharibə istəməsə də, geri addım atmağa da hazır deyillər.

Təzyiq ritorikası nə qədər davam edəcək? Atəşkəs sadəcə müharibəyə hazırlıq və vaxt qazanmaq məqsədi daşıyırdı?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və İran arasında danışıqlar kifayət qədər kövrəkdir:

“Çünki Donald Trampın İranla bağlı açıqlamaları Tehranda narahatlıqla qarşılanır. Danışıqların ikinci raundunda müəyyən razılaşmaların əldə olunması mümkündür. Tramp prosesə daha çox diplomatik müstəvidə yanaşsa, uğur qazana bilər. Hazırda isə o, İranı əsasən aşağılayıcı tərzdə təqdim edir ki, bu da 47 illik rejimin ideoloji əsaslarına ziddir. Ona görə də Tehran əks mövqe nümayiş etdirir.

mehemmed esedullazadeee 900x574 2
Məhəmməd Əsədullazadə

İslamabad görüşü baş tuta bilər. Ortaq məxrəcə gəlmək və razılaşmalar əldə etmək mümkündür. Düzdür, SEPAH danışıqları sabotaj etməkdə maraqlı ola bilər. Lakin geosiyasi reallıqlar İranın əleyhinə işləyir və bunu özləri də anlayırlar. Əgər danışıqlardan imtina edilər və razılaşma əldə olunmazsa, Donald Tramp əmri ilə İranın enerji obyektlərinə zərbələr endirilməsi mümkündür.

Düşünürəm ki, sonda rasional yanaşma üstün gələcək. İranın hərbi rəhbərliyi ABŞ-la danışıqlara getməyə məcburdur. İslamabadda keçiriləcək görüşdə razılaşmalar əldə edilə bilər. Nüvə zənginləşdirməsi və Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması da istisna deyil”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: