“Bloomberg” nəşri Ukraynadakı müharibənin sonlandırılması səyləri çərçivəsində ABŞ ilə Rusiya arasında yeni danışıqların gözlənildiyini yazıb. ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoffun Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planladıqları bildirilir.
Məlumata görə, Rusiya gözlənilən görüşdən öncə danışıqların şərtlərini maksimallaşdıraraq yeniləyir.
Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Rusiya Donetsk, Luqansk, Zaporojye və Xersonla yanaşı, artıq Xarkov, Nikolayev və Dnepropetrovsk vilayətlərinə də iddialar irəli sürür:
“Yanvarın 14-də Rusiya xarici işlər naziri Sergey Lavrov bu ərazilər üzrə Rusiyanın tələblərinə yenidən “Novorossiya” adı ilə istinad edib. Krımın taleyi isə həm Avropanın sülh konsepsiyasında, həm də ABŞ-ın planlarında Ukrayna üçün xeyirli perspektiv vəd etmir.

Aqşin Kərimov
Bu, Rusiyanın masada güclü və üstün görünmək cəhdidir. Ehtimal ki, Kreml Rusiyanın tələblərinin ABŞ-ın təklif etdiyi 28 bəndlik planda əks olunanlardan daha böyük olduğunu sübut etməklə danışıqlardan daha mənfəətli çıxmağı hədəfləyir. Bundan başqa, ABŞ-ın Venesuelada həyata keçirdiyi əməliyyatlarla Kremlin qarşısına çıxan riskləri Ukrayna üzərindən kompensasiya etməyə cəhd göstərir.
Başqa bir məqam isə Donald Trampın Qrenlandiyanı ilhaq etmək planı ilə əlaqəlidir. ABŞ ilə Rusiya razılıq əldə etsələr, onların növbəti bazarlıq meydançası Qrenlandiyadakı sərvətlərin bölüşdürülməsi planı üzərində qurulacaq”.
Turan Rzayev
Globalinfo.az