Trampdan Putin açıqlaması: “Dedim ki, bunu etmə, Vladimir…”

“Ukraynada baş verə biləcək müharibə ilə bağlı Putinə xəbərdarlıq etmişdim, mən vəzifədən ayrıldıqdan sonra rus ordusu döyüş hazırlıqlarına başladı”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Davam edən müharibədə hazırkı prezident Co Baydeni günahlandıran Tramp, hakimiyyətə gələcəyi təqdirdə müharibəni dərhal bitirə biləcəyini bir daha vurğulayıb:

“Əgər vəzifədə mən olsaydım, müharibə başlamayacaqdı. Putinlə bu mövzunu müzakirə edirdik. Onun gözlərinə baxaraq açıq şəkildə “bunu etmə, Vladimir, yoxsa, böyük səhv etmiş olacaqsan” dedim. Ona başqa şeylər də söylədim. Mənə ” bunu edə bilməzsən” deyə cavab verdi. Mən isə əminliklə edə biləcəyimi qeyd etdim. Lakin vəzifədən ayrılan kimi rus əsgərləri hazırlıqlara başladı”.

Qeyd edək ki, Donald Tramp hakimiyyətə gələr-gəlməz Ukraynada müharibəni bitirəcəyini, Putinlə razılaşmaya nail olacağını iddia edir. Lakin bunu hansı şəkildə reallaşdıracağına dair detalları açıqlamır.

Ayşən Mustafa
Globalinfo.az