Tramp Netanyahu34

İsrail rəsmiləri ABŞİran arasında mümkün sazişin imzalanacağına şübhə ilə yanaşsalar da, belə bir razılaşmanın Baş nazir Benyamin Netanyahu üçün ciddi siyasi və strateji zərbə olacağını düşünürlər.

Globalinfo.az xəbər verir ki, bu barədə Axios nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Netanyahu artıq sazişin baş tuta biləcəyini və bunun qarşısını almağın mümkün olmadığını anlayır.

Mənbələr bildirirlər ki, Netanyahunun siyasi rəqibləri onu ABŞ Prezidenti Donald Trampın İranla gərginliyi azaltmaq təşəbbüslərinə gizli razılıq verməkdə ittiham edirlər. Onların fikrincə, İsrailin bəyan etdiyi hədəflər reallaşmadan sazişin imzalanması Netanyahu üçün ciddi siyasi məğlubiyyətə çevrilə bilər.

Məlumata görə, İsrail rəsmiləri Trampı açıq şəkildə tənqid etməkdən çəkinsələr də, mümkün razılaşmanın nəticələri, xüsusilə də İsrailin Livandakı fəaliyyətlərinə məhdudiyyətlər gətirəcəyi ilə bağlı narahatlıqlarını gizlətmirlər.

ABŞ isə Yaxın Şərqdəki müttəfiqlərini sakitləşdirməyə çalışır və hesab edir ki, sazişin bütün detalları məlum olduqdan sonra onların mövqeyi dəyişə bilər.

İsrail uzun müddətdir ki, İranla hər hansı razılaşmanın Tehranın nüvə proqramının dayandırılmasını, ballistik raket proqramının məhdudlaşdırılmasını və İranın regiondakı silahlı qruplara dəstəyinin zəiflədilməsini ehtiva etməli olduğunu vurğulayır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: