“Bu gecə Rusiya yenidən Ukraynanın enerji obyektlərinə zərbələr endirib. Bu, ABŞ Prezidenti Donald Trampın elan etdiyi “enerji atəşkəsi”nə baxmayaraq baş verib”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın enerji və həyati əhəmiyyətli infrastrukturuna qarşı 39 ballistik raket və 120-dən çox pilotsuz uçuş aparatı (PUA) tətbiq edib.
Zərbələrin hədəfində Kiyev, Kiyev vilayəti və Xarkov olub.
“Rusiyanın ballistik raket zərbəsi məhz ABŞ prezidentinin atəşkəs elan etdiyi enerji infrastrukturuna yönəlmişdi. Bu hücum tamamilə şüurlu şəkildə həyata keçirilib. Rusiya tərəfindən Amerikaya qarşı indiyədək belə açıq hörmətsizlik olmamışdı”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiya Donald Trampın bəyanatlarını ciddi qəbul etmir.
Zelenskinin məlumatına görə, gecə hücumundan sonra azı 600 min ukraynalı elektrik enerjisiz qalıb.
Elektrik enerjisi kompleksinin 26, neft-qaz kompleksinin isə 4 obyektinin tikililərinə və avadanlıqlarına ciddi ziyan dəyib. Ölən və yaralananlar da var.
“Biz Amerikaya və reallığa göz yummayan hər kəsə çağırış edirik ki, buna sərt reaksiya versinlər. Rusiya gərginliyi azaltmaq fürsətini əldən verdi və dağıdıcı müharibəsini davam etdirmək qərarına gəldi”, – deyə Zelenski əlavə edib.
Ukrayna Prezidenti Trampı Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməyə çağırıb.
Günay Rəsulqızı
Globalinfo.az