ABŞ Konqresinin üzvü Baddi Karter Prezident Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.
Globalinfo.az xəbər verir ki, bu barədə Tramp özü “Truth Social” sosial platformasında paylaşım edib və Karterin məktubunu yayımlayıb.
Məktubda konqresmen qeyd edir ki, Tramp İsraillə İran arasında silahlı qarşıdurmanın dayandırılmasında vasitəçilik etdiyi və dünyanın terrora sponsorluq edən ən böyük dövlətinin planetin ən ölümcül silahına yiyələnməsinin qarşısını aldığı üçün bu nüfuzlu mükafata layiq görülməlidir.
Qeyd edək ki, bu Trampın Nobel Sülh Mükafatına ilk dəfə namizəd göstərilməsi deyil. Bu ilin əvvəlində ABŞ Nümayəndələr Palatasının üzvü Darrel İssa da Trampı mükafata təqdim etmişdi. O, Trampın 2024-cü il prezident seçkilərindəki qələbəsinin dünya sülhünə gözlənilmədən effektiv təsir etdiyini bildirmişdi.
Hazırda 2025-ci il Nobel Sülh Mükafatı uğrunda 338 namizəd yarışır.
Aysel Əliyeva
Globalinfo.az