Tramp Ukraynaya bir qəpik də xərcləməyəcək – Orban

“Tramp Ukraynanın Rusiya ilə müharibəsinə bir qəpik də verməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

O bildirib ki, Donald Trampın Ukrayna ilə bağlı strategiyasının təfərrüatlarından xəbərdardır.

Orbanın sözlərinə görə, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə yenidən namizədliyini irəli sürmək istəyən Tramp Ukraynanı dəstəkləməyəcək.

“Tramp Ukraynanın Rusiya ilə müharibəsinə bir qəpik də xərcləməyəcək. Buna görə də müharibə başa çatacaq. Çünki Kiyevin təkbaşına mübarizə aparması mümkün deyil. Amerika pul verməsə, avropalılar bu müharibəni təkbaşına maliyyələşdirə bilməyəcəklər”.

Qeyd edək ki, Konqresdəki Tramp tərəfdarları Kiyevə hərbi və maliyyə yardımının ayrılması ilə bağlı qanunun qarşısını almağa çalışır. Orban isə Putinlə münasibətləri qoruyan yeganə Avropa lideri olaraq qalır. O, həmçinin Ukraynaya yardımın əleyhinə çıxış edir və Aİ-nin Kiyevə böyük yardım paketi təqdim etmək qərarını əngəlləyir.

Əliyar Xəlil
Globalinfo.az