qrenlandiya

ABŞ, Qrenlandiya və Danimarka artıq bir neçə aydır ki, Vaşinqtonda qapalı danışıqlar aparır.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə The New York Times məlumat yayıb.

Bildirilir ki, Vaşinqton Donald Trampın adaya nəzarətin mümkünlüyü ilə bağlı açıqlamalarından sonra Qrenlandiyada hərbi və iqtisadi iştirakını əhəmiyyətli dərəcədə genişləndirməyə çalışır. ABŞ, Qrenlandiya və adanın xarici siyasətinə cavabdeh olan Danimarka nümayəndələri arasında danışıqlar təxminən dörd aydır davam edir. Rəsmi olaraq bu görüşlərin məqsədi Trampın Qrenlandiyanın güc yolu ilə ələ keçirilməsi ehtimalı ilə bağlı bəyanatlarından sonra yaranan gərginliyi azaltmaq və NATO daxilində mümkün böhranın qarşısını almaqdır.

Lakin Qrenlandiya siyasətçiləri ABŞ-ın irəli sürdüyü şərtlərin adanın suverenliyini onilliklər boyu məhdudlaşdıra biləcəyindən ehtiyat edir. Məlumata görə, Vaşinqton 1951-ci ildə Danimarka ilə imzalanmış müdafiə sazişinə yenidən baxılmasını istəyir. Məqsəd Qrenlandiya gələcəkdə müstəqillik əldə etsə belə, ABŞ hərbi qüvvələrinin adada müddətsiz qalmasına təminat yaratmaqdır.

Bununla yanaşı, ABŞ yalnız hərbi məsələlərlə kifayətlənmək niyyətində deyil. İddialara əsasən, Vaşinqton Qrenlandiyada iri investisiya layihələri üzərində faktiki veto hüququ əldə etməyə çalışır. Bununla ABŞ bölgədə Rusiya və ya Çinin təsir imkanlarının artmasının qarşısını almağı hədəfləyir. Müzakirələr təbii sərvətlər sahəsini də əhatə edir. Qrenlandiya neft, uran, nadir torpaq metalları və digər strateji faydalı qazıntılarla zəngindir. Lakin bu ehtiyatların böyük hissəsi buzlaqların altında yerləşir.

Bundan əvvəl ABŞ prezidenti Donald Trumpın Qrenlandiya üzrə xüsusi nümayəndəsi Ceff Lendrinin mayın 18-də Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə səfər etdiyi bildirilib. O, Trampdan Qrenlandiyaya mesaj gətirdiyini açıqlayıb.

“Dünən gecə onunla danışdım. Mənə dedi ki, Qrenlandiyaya get və mümkün qədər çox dost qazan’. Mən buraya dinləmək və öyrənmək üçün gəlmişəm”, – deyə Lendri bildirib.

O əlavə edib ki, məqsəd ABŞ, Qrenlandiya və Danimarka arasında münasibətlərin genişləndirilməsi imkanlarını araşdırmaqdır. Qeyd olunur ki, Qrenlandiyaya səfər edən Amerika nümayəndə heyəti üzərində “Amerikanı Yenidən Böyük Edin” şüarı yazılmış kepkalardan istifadə edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: