ABŞ-da prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdindən sonra yayılan görüntülərdə onun mühafizəsində qadın cangüdənlərin də olması faktı üzə çıxıb. Liviyanın öldürülmüş lideri Müəmmər Qəddafinin də qadın mühafizəçiləri olduğu dünya mediasında dəfələrlə yazılıb.
Bəs liderlərin qadın mühafizəçi seçməsinin səbəbi nədir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib ki, mühafizə xidmətində qadın əməkdaşların yer alması təbiidir:
“Dünyanın çox yerində belə praktika var. Onlar səlahiyyətləri, öhdəlikləri çərçivəsində xidmət göstərirlər. Bu, gizlin və açıq formada ola bilər”.
Ekspertin sözlərinə görə, mühafizənin bir neçə istiqaməti olur:
“Xidmətin mühafizəçiləri və şəxsi mühafizə buna misaldır. Şəxsi qorumanın da öz prinsipləri var. Qrup və ya fərdi halda prosesi icra edə bilirlər. Ümumiyyətlə, böyük nüfuza malik şəxslər, iş adamları, ölkə liderləri, siyasətçilər, sahibkarlar və s. həyatlarına təhlükə gördükdə mühafizəçilərlə təmin olunurlar”.
Təhlükəsizlik eksperti Rəşad Rza isə məsələni belə şərh edib:
“Mühafizə iki hissəyə bölünür: aşkar və gizli. Birincisi, adından da məlum olduğu kimi aşkar formada olur. Qəsdən görüntü verilir. Yəni mühafizənin, təhlükəsizliyin maksimum səviyyədə olunduğu imici yaradılır.
Gizli mühafizəçi isə xadimə, tamaşaçı və s. kimi xalq arasındakı hər hansı şəxs ola bilər. Yerindən asılı olaraq qadın, ya da kişi mühafizəçidən istifadə edilir.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın mühafizəçilərinin arasında qadınların olması normaldır. Bu Türkiyə və digər ölkələrdə də mövcuddur. Qadın bəzi məsələləri kişilərlə müqayisədə daha tez aşkar edə bilirlər. Yaxud da əsəb, stress anlarının idarə olunması, prosesdə sakit, həssas yanaşma nümayiş etdirdikləri üçün bir çox sistemlərdə qadınların fəaliyyətinə önəm verilir”.
Safura Bənnayeva